Azərbaycanda repetitorluq dövrü BAŞA ÇATIR

Azərbaycanda buraxılış imtahanlarının nəticələri geniş müzakirə olunur.
Sfera.az-ın modern.az-a istinadən xəbərinə görə, təhsil eksperti Məzahir Məmmədli bildirib ki, illərdir təhsilin "olmazsa-olmazı" kimi qəbul etdiyimiz repetitorluq sistemi tədricən sıradan çıxır.
"DİM-in qismən mövqe yumşaltması həm şagirdlərin, həm də valideynlərin üzünü güldürüb. Artıq son iki ilin nəticəsinə görə maksimum nəticə göstərən şagird sayı təxminən 100 nəfərə çatıb (keçən il 55 bu il bu rəqəm 43-dür). Bu nəticələr arasında yalnız məktəb təhsili ilə uğur qazanan, repetitor yanına getməyən şagirdlər də var.
"Bunker müəllimlər" dövrü kimi tanınan 1994-95-ci illərdən bu yana formalaşmış sistem artıq arxada qalır. Bu il müxtəlif liseylər, gimnaziyalar, hətta kənd məktəblərindən belə yüksək nəticə göstərən şagirdlərin sayı artıb. Nümunə kimi bu günlərdə sosial şəbəklərdəki müzakirələri göstərə bilərik. Gəncədə bir liseyin şagirdləri 90% yüksək nəticə əldə edib, Lənkəranın Vilavur kəndindən olan məzunların əksəriyyəti isə repetitor dəstəyi olmadan yüksək nəticələr göstəriblər. Ucqar rayonlardan maksimum 300 ballıq bir neçə məzunlarımız oldu", - o qeyd edib.