"Dövlət hakimiyyəti orqanlarının kəskin ittihamlara məruz qoyulması əsassızdır"

"Ötən günlərdə Komitədə Hesabatın müzakirələrindən sonra media məkanına çıxan məlumat kütləsi üzərindən dövlət hakimiyyəti orqanlarının kəskin ittihamlara məruz qoyulması tam əsassızdır".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
Millət vəkili qeyd edib ki, bir qurumdan obyektivlik tələb edənlər, aşkarlanan büdcə pozuntuları, maliyyə intizamsızlığı, yaxud konkret qanunsuz hərəkətlərin barəsində təqdim olunan Hesabatı Hökumətin bütün fəaliyyətinin linç edilməsi üçün çirkli məqsədləri naminə istifadə edilə bilməz. Söhbət cəza tədbirlərindən gedirsə, o haqda da konkret addımların atıldığına dair müfəssəl məlumatlar təqdim olunub:
"Nəzərə alaq ki, hesabatın maliyyə əhatəsi 8.3 milyard manat büdcə vəsaitinin auditini nəzərə tutduğundan və dövlət büdcəsinin 40 milyard manatdan çox olduğunu qeyd edərək, sənədi bütün dövlət orqanları üçün yol xəritəsi adlandıra bilərik. Çünki auditin bütün büdcə vəsaitini əhatə edəcəyi təqdirdə pozuntuların qarşısının alınması imkanları daha böyük olardı, lakin dünyada belə praktika yoxdur. Çünki Palatanın ştat tərkibinin limiti var və biz ötən il müqayisəli təhlillə onun əməkdaşlarının sayının artırılmasını təklif etmişdik".
Həmçinin, deputat hesabatda qeyri büdcə fondlarına diqqət çəkib:
"Bildiyiniz kimi, məhz cərimə və sanksiyalar əsasında formalaşan belə fondaların istər gəlir, istərsə də xərclərinin şəffaflığına dair ictimai fikirdə çoxlu suallar yaranır. Ona görə də Paltanın fəaliyyətində getdikcə büdcə sisteminin təkmilləşdiirlməsinə dair irəli sürülən təklfilərin mütləq əksəriyyətini qəbul etmək Hökumətin bütün növ maliyyə fəaliyyətinə dair aydın təsəvvür yaratmağa imkan verərdi".
Firuzə Əliyeva