Ağstafada bıçaqlanan şagirdin SON DURUMU

Ağstafada bıçaqlanan şagirdinin vəziyyəti açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb:
"Aprelin 9-u saat 12:40-da Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) sol budun aşağı 1/3 hissəsinin kəsilmiş-deşilmiş yarası ilə hospitalizasiya edilib.
Pasiyentə zəruri tibbi yardım göstərilib, cərrahın baxışından sonra saat 14:40 radələrində ambulator müalicə üçün evə buraxılıb".
Qazax-Tovuz Regional Təhsil İdarəsindən isə oxu.az-a bildirilib ki, sözügedən bıçaqlanma hadisəsi barədə araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib:
"Aprelin 9-u tənəffüsü zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib.
Xəsarət almış şagirdə müvafiq tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Təhsil müəssisəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir.
Məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür. Şagirdlərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".