Bakı-Sumqayıt qatarında vaqonların sayı azaldılıb?

Sumqayıt şəhərindən yeni qrafiklə saat 07:48-də Bakı istiqamətinə hərəkət edən ekspres tipli qatarda sıxlıq yaranması və bunun Xırdalan və Biləcəri stansiyalarında pik həddə çatması narazılıq yaradıb.
İddia olunub ki, yaranan sıxlığa səbəb qatarın vaqonlarının sayının xeyli azaldılaraq 11-dən 7-yə salınmasıdır.
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev bəyan edib ki, vaqonların azaldılması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil, əksinə sözügedən istiqamətdə reyslər artırılıb.
O qeyd edib ki, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların 1 aprel 2025-ci il tarixindən tətbiq edilən hərəkət cədvəli ən optimal qrafikdir.
Yeni qrafikə əsasən, Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunub. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılıb, qatarlararası interval azaldılıb", - deyə B.Hacıyev bildirib.
Qurum rəsmisi qeyd edib ki, iş günləri Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya çatdırılıb.