Bakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDI

Aprelin 1-də paytaxtın Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında "Kəpəz" MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının dam hissəsində aparılan işlərlə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və təmir işlərinin həyata keçirildiyi müəyyən edilib.
Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Qeyd olunub ki, aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün Baş İdarə tərəfindən dayandırılıb və aktlaşdırılıb.
"Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində müvafiq nəzarətin təmin edilməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciət edilib" , - məlumatda qeyd edilib.