Evdə günlərlə tək qalan körpənin vəziyyəti açıqlandı

Bir neçə gün əvvəl Tovuzda valideyninin evdə tək qoyduğu körpənin müalicəsi Bakıda davam etdirilir.
Sfera.az xəbər verir ki, bu haqda “Report”a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 2024-cü il təvəllüdlü azyaşlı martın 25-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub.
Məlumata görə, hazırda uşağın müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Xatırladaq ki, martın 21-də Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.
Məlum olub ki, Aygün Qədimova nikahdan kənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.