Kredit borcunu ödəyə bilməyən şəxs cinayət məsuliyyətinə CƏLB OLUNMUR?

Kredit borcunu ödəyə bilməyən şəxs cinayət məsuliyyətinə CƏLB OLUNMUR?

Azərbaycanda bank və bank olmayan kredit təşkilatları vətəndaşlara müəyyən şərtlərlə kredit verirlər. Bəzi vaxtlarda kreditlərin ödənilməməsi və gecikdirilməsi ilə bağlı mübahisə yaranır, məhkəmə çəkişmələri qeydə alınır. Qanunla borclu borcu ödəyə bilmədiyi halda cinayət və inzibati məsuliyyətə cəlb edilə bilməz.

 

Bəs kredit borcundan yayınanın məsuliyyəti nədir?
 

Mövzu barədə Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, şəxsin rəsmi əmlakı varsa, ondan tutula bilər:
 

“Hər bir şəxs kredit borcu, aliment borcu, yəni fərqi yoxdur hansı borc olur olsun qanun və imkan daxilində qaytarmalıdır. Kredit götürən şəxs borcu qaytara bilmədi, qaytarmadısa, bank onu məhkəməyə verir və məhkəmə qərar çıxarır ki, bu şəxsin bu qədər borcu var və qaytarmalıdır. Şəxsin maaşı və ya təqaüdünün 50 faizinədək hər ay ondan çıxıla bilər. Əmlakı, torpağı, birdən çox avtomobili varsa, hərrac yolu ilə satışa çıxarılır və borcun ödənilməsinə yönəldirilir”.

 

O bildirib ki, əgər şəxsin borcu ödəməyə imkanı yoxdursa, buna görə o, hansısa inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilməz:
 

“Təcrübədə olub ki, bəzən icra məmurları qanunsuz şəkildə həmin şəxsin ölkədən çıxışına məhdudiyyət qoyub, inzibati qaydada cərimə və bəzən də həbs ediblər. İndi belə şeylər azdır, əvvəllər çox idi. Bu, qanunsuzdur. Yəni şəxsin ödəməyə imkanı yoxdursa, o, məsuliyyətə cəlb oluna bilməz. İcra məmuru sübut etməlidir ki, bunun imkanı var, vermir.

 

Mən 2016-cı ildə Avropa məhkəməsinə belə qanunsuz inzibati həbslərdən şikayət vermişdim. 2022-ci ildə Avropa məhkəməsi bununla bağlı qərar verdi ki, bu həbslər qanunsuzdur və Azərbaycan dövlətini də cərimələmişdi. Buna baxmayaraq bəzən belə həbslər olur və onlar qanunsuzdur”.


OXŞAR XƏBƏRLƏR