Deputatdan baş nazirə: Evlər niyə 3 dəfə bahalaşıb?

Hər dəfə yağış yağanda evlər və qəzalı vəziyyətdə olan binalar su içərisində qalır. Belələri təmsil etdiyim Xətai rayonunda çoxdur. Niyə bu tikinti şirkətlərinə verilmir ki, insanlar minimal standartlara cavab verən evlərdə insan kimi yaşasın, kanalizasiya xətləri çəkilsin, yollar abadlaşdırılsın.
Sfera.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
“Keçən il evlərini su basmış insanlar - onların arasında yaxından tanıdığım çoxlu insan var idi - evlərindən suyun yanğınsöndürən maşınlarla çəkilməsi üçün kömək istəyirdi. Biz onlara necə kömək edə bilərdik? Hər dəfə deyilir ki, bu proses yaxın vaxtlarda başlayacaq, amma illər keçir, heç nə başlamır. Bakı şəhərinin Baş Planı təsdiq olunub, niyə mənzil tikintisinə icazə səlahiyyətləri yerli hakimiyyət orqanlarına verilmir? Bir neçə il öncə pilot layihələr kimi İH başçılarına tikintiyə icazə səlahiyyətləri veriləndə Nəsimi, Nərimanov kimi rayonlarda evlərin 1 kvadratmetrinin qiyməti 1000 manat idi. İndi həmin ərazilərdə ən azı 2500-3000 manatdır. O zaman minlərlə ailə mənzil şəraitini yaxşılaşdırdı. Bu gün tikinti şirkətlərinə icazə verilsə, bu sahəyə əlavə olaraq milyardlarla dollar investisiya qoyuluşuna, onminlərlə insanı tikintidə və əlaqəli sahələrdə işlə təmin etməyə nail ola, büdcəyə yüzmilyonlarla əlavə vəsait cəlb edə bilərik. Əminəm ki, hökumət üzvləri də bunu bilir. İstərdim hökumət Milli Məclisə məlumat versin ki, mənzil tikinisi niyə azalıb və bu sahədə vəziyyəti dəyişmək üçün yaxın vaxtlarda hansı addımlar atmaq planlaşdırılır?” – millət vəkili qeyd edib.