Bu çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama aparıblar.
Agentlikdən Sfera.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxşliyi, xammal və inqrediyentlərin saxlanılması zamanı temperatur rejiminə əməl edilmədiyi, satışa çıxarılan çörəklərin qablaşdırılmadığı və markalanmasının aparılmadığı, unların üzərində Azərbaycan dilində etiket məlumatlarının olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, gigiyena qaydalarının gözlənilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.