"Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi

Kriminal aləmdə "Oleq Bakinski" kimi tanınan ukraynalı Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib.
Sfera.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclas videoformatda keçirilib. İclasda şahidlər ifadə veriblər.
"Global Force" şirkətinin sabiq direktoru Elşən Soltanov ifadəsində vurğulayıb ki, o, imzaladığı müqavilələrdən xəbərsiz olub:
"İmzaladığım müqavilələrin bir qismindən xəbərim olmayıb. Hazır sənədlər mənə təqdim olunub, mən də baxmadan imzalamışam. Buna görə onların icraatından da xəbərim olmayıb. Mən ofisin daxili işlərindən başqa heç nə ilə məşğul ola bilmirdim. Bu vəzifəyə məni Kuçer Konstantin təyin etmişdi".
Təqsirləndirilən Kuçer Konstantinin vəkili zərərçəkənlərin 2024-cü ilin iyulun 1-dən - 2025-ci ilin fevralınadək olan dövrdə ölkəyə giriş-çıxışı ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsi ilə bağlı vəsatət qaldırıb.
Vəsatət təmin edilib.
Oleq Krapivinin vəkili isə müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək, ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırsa da, məhkəmə tərəfindən bu qəbul olunmayıb.
Karate Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin istintaqa verdiyi ifadəsi elan olunub. Onun ifadəsində deyilir: "Mən ofisin yaxınlığında dayanmışdım. Sergey və Valeri ofisə daxil olduqdan sonra oradakıların rus dilində mübahisə etdiklərini eşitdim. Daha sonra hər ikisi bayıra çıxdı. Valerinin başında qan izi vardı. Onu döydüklərini söylədi".
Daha sonra sənədlərin tədqiqi prosesi başlayıb.
Növbəti proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, "Oleq Bakinski" ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə "Oleq Bakinski" ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeri Nikolayeviç tanınıb.