Ruben Vardanyan sualları cavablandırmadı


Ruben Vardanyan sualları cavablandırmadı

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 25-də davam etdirilib.

 

Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi təmin olunub.

 

İclasın əvvəlində Ruben Vardanyan və müdafiəçisi vəsatət verərək məhkəmə tərkibinə yenidən etiraz ediblər.

 

Dövlət ittihamını müdafiə edən prokurorlar Vüsal Əliyev və Fuad Musayev vəsatətə münasibət bildirərək qeyd ediblər ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərar qəbul olunub. Habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edilməsinə və həmin etirazın əsaslandırılmasının zəruri olmasına dair tələblər təkrarən xatırladılıb.

 

Vəsatətdə qeyd edilən məsələlərə dair konkret əsasların müəyyən olunmadığını bildirən prokurorlar etirazın baxılmamış saxlanılmasını xahiş ediblər.

 

Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

 

Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə istintaqında sübutların tədqiq edilmə ardıcıllığına dair ittiham tərəfinin təklifini səsləndirib.

 

Təqsirləndirilən şəxs R.Vardanyan və onun müdafiəçisi Avraam Berman sübutların tədqiq olunma ardıcıllığına dair hər hansı təklif irəli sürməyiblər.

 

Bundan sonra R.Vardanyan aclıq aksiyası keçirdiyinə görə özünü yaxşı hiss etmədiyini söyləyib. Hakim təqsirləndirilən şəxsin həkim müayinəsindən keçməsi üçün fasilə elan edib.

 

Fasilədən sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib.

 

Ardınca təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təklif olunub, lakin o, ifadə verməkdən imtina edib.

 

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə itiham olunduğu cinayət əməlləri üzrə suallar verməyə başlayıb.

 

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təqsirləndirilən şəxs R.Vardanyandan Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının suveren ərazilərinin işğal olunması, azərbaycanlıların zorla didərgin salınması, əsir və girov götürülmüş şəxslərə işgəncələrin verilməsi və öldürülməsi, Azərbaycan Respublikasına maddi ziyan vurulması və digər faktlara dair münasibətini soruşub.

 

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov, dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayev təqsirləndirilən şəxsin Azərbaycanın suveren ərazilərinin işğal olunmasına təkan verən hadisələr, Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və Davit Manukyanla münasibətləri, humanitar məqsədlər adı altında fəaliyyət göstərən “Avrora Humanitar Təşəbbüs Fondu”, Rusiya Federasiyasının vətəndaşlığından çıxma və Ermənistan Respublikasının vətəndaşlığını qəbul etmə səbəbləri barədə suallar ünvanlayıb.

 

Eyni zamanda, Robert Köçəryan, Serj Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan Mikaeli, Zori Balayan və digərləri ilə əlaqələri barədə suallar verilib.

 

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxsə qondarma rejimin dövlət naziri vəzifəsinə təyin edilməsi qaydası, həmin vəzifəyə təyin olunmasına zəmanətin kim tərəfindən verilməsi, bununla bağlı məsləhətləşmələr apardığı insanların şəxsiyyəti, Azərbaycan Respublikasının əvvəllər işğal altında olmuş hansı ərazilərinə səyahət etməsi, “Biz və Bizim dağlar Ərazi İnkişaf Agentliyi” və “Artsaxın Təhlükəsizliyi və İnkişaf Cəbhəsi Hərəkatı”nın fəaliyyət istiqamətləri barədə suallar verib.

 

Bundan sonra R.Vardanyanın cinayət işinin materiallarında olan müsahibəsi nümayiş etdirilərək tərcüməçinin iştirakı ilə təqdiq olunub.

 

Dövlət ittihamçıları məhkəmədə nümayiş etdirilən müsahibədən irəli gələn bir sıra məqamlar barədə təqsirləndirilən şəxsə suallar ünvanlayıb, o cümlədən Ermənistan ərazisindən keçərək qanunsuz olaraq Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağa gəlməsi, keçmiş qondarma rejimin ərazisində dövriyyədə olan pul vahidi, həmin qondarma rejimin ərazisində Ermənistan Respublikasının pasportundan istifadə olunma səbəbi, Ermənistan Respublikasının silahlı qüvvələrinin orada yerləşməsinin məqsəd və əsasları, R.Vardanyan tərəfindən Azərbaycan və Erməni xalqlarının birgə yaşamasının qeyri-mümkünlüyünü ifadə edən, habelə xalqlar arasında nifrət və ədavəti oyadan xarakterə malik çıxışların edilmə səbəbi və məqsədi, qondarma rejimin maliyyələşdirilməsi forması və Ermənistan dövlətinin bu prosesdə iştirakı, “dövlət naziri” vəzifəsində qısa müddət olmasının səbəbi barədə suallar verib.

 

Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.

 

Məhkəmənin növbəti iclası martın 4-nə təyin olunub.

 

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.


OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...