Çökən yolda vəziyyət necədir?

“Ötən gün səhər saatlarında Heydər Əliyev prospektində baş verən qəzanın səbəbi ilə bağlı dəqiq məlumat vermək çətindir”.
Sfera.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib.
O bildirib ki, dünən dərhal qəzanın aradan qaldırılması işlərinə başlanılıb:
“Bu hadisə ilə bağlı elan paylaşmışdıq. Elanda qeyd etmişdik ki, Nərimanov rayonunun bəzi ərazilərində içməli suyun verilməsində fevralın 25-i günün ikinci yarısına qədər fasilə yaranacaq, günün ikinci yarısından sonra qəzanın aradan qaldırılması işləri tamamlanacaq, ondan sonra suyun verilməsinə başlanılacaq. Amma operativ fəaliyyət nəticəsində qeyd etdiyimizdən daha tez, yəni saat 12:00 ərəfəsində qəza aradan qaldırıldı. Hazırda həmin ərazidə asfaltlama işləri yekunlaşmaq üzrədir. Fasilə yaranan ərazilərə də suyun verilməsinə başlanılıb”.
C. Musaoğlu qeyd edib ki, gün ərzində bu kimi qəzalar baş verir və dərhal aradan qaldırılır:
“Amma havaların şaxtalı keçməsi və hava vəziyyətinin dəyişməsi boruya təsir edir. Bu səbəbdən də ola bilər. Lakin müxtəlif səbəblər də olur. Əsas odur ki, kənar müdaxilə olmayıb. Bu qəza təbii qəza hesab olunur. Demək olar ki, gün ərzində Bakıda və regionlarda bu kimi qəzalar baş verə bilir və dərhal aradan qaldırılır”.