Dövlət Mülki Aviasiya Agentliyinin nizamnamə fondunun məbləği məlum oldu


Dövlət Mülki Aviasiya Agentliyinin nizamnamə fondunun məbləği məlum oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxs yaradılıb.

 

Sfera.az xəbər verir ki, agentliyin nizamnamə fondunun məbləği 2 636 206 (iki milyon altı yüz otuz altı min iki yüz altı) manatdır.

 

Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsinin vəsaiti, Agentliyin öz fəaliyyətindən, o cümlədən göstərdiyi xidmətlərdən əldə olunan vəsait, beynəlxalq təcrübəyə əsasən aviadaşıyıcılar tərəfindən hava limanlarına və aeronaviqasiya xidmətlərinə görə ödənilən məbləğdən nəzarət funksiyaları ilə bağlı yığımlar, ianələr, qrantlar, cəlb edilən investisiyalar və qanunla qadağan edilməyən digər vəsait hesabına formalaşır.

 

Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

 

Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

 

Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.

 

Agentliyin müvafiq sahədə gördüyü işlərin və göstərdiyi xidmətlərin qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.


OXŞAR XƏBƏRLƏR