Lənkəranda məşhur hotel-muzeyin yolunu kəsdilər - FOTOLAR
Azərbaycanda turizmin inkişafı ilə bağlı bir sıra dövlət proqramları həyata keçirilir. Qeyri-neft sektorunun əsas sahələrindən biri olan turizmin inkişafına ölkə rəhbərliyi də xüsusi diqqət göstərir.
Ölkənin turizm potensialı yüksək olan rayonlarından biri də cənub mirvarisi adlandırılan Lənkərandır. Təsadüfi deyil ki, bu istiqamətdə son illər həm yerli, həm də xarici turistlərin böyük axını var.
Sfera.az bildirir ki, Qaynarinfo-nun verdiyi xəbərə görə, rayona gələn qonaqların ən çox üz tutduğu məkanlardan biri də Lənkəranın girişində - məşhur Ləvəngi küçəsində yer alan "Xan Lənkəran" hotel-muzeyidir.
Həm memarlığı, həm də mətbəxi etno çalarlarla zəngin olan "Xan Lənkəran" böyük zəhmət və vəsait hesabına toplanan tarixi eksponatları ilə də turistlərin böyük marağına səbəb olur.
Bəs rayonun turizm həyatında bu qədər vacib rol oynayan bir məkanın fəaliyyətinə Lənkəranın aidiyyatı qurumları necə dəstək verir?
Bu suala cavab tapmaq üçün aşağıdakı şəkilə diqqətlə baxmağınızı xahiş edirik:
İlk baxışdan belə təəssürat yarana bilər ki, Lənkəran Şəhər Bələdiyyəsi və ya İcra Hakimiyyətinin tapşırığı ilə yaradılan xüsusi briqada "Xan Lənkəran"a doğru uzanan yolu abadlaşdırır, səliqəyə salır, gələn qonaqlara Lənkəranın tuzim imkanlarını təbliğ etmək üçün xüsusi löhvələr qurur...
Amma, yox, tələsməyin. Aydınlaşdıranda məlum oldu ki, həmişə olduğu kimi, yenə də gözəl şeylər cəzasız qalmayıb. Belə ki, kimsə günün günorta cağı, turizmə "dəstək verən" aidiyyatı qurumların "xeyir-duası" ilə "Xan Lənkəran” hotel-muzeyinin girişini kəsib obyekt tikir.
Araşdırmalarımız zamanı məlum oldu ki, həmin torpaq sahəsi 2021-ci ildə İsayev Arif Mahmud oğlunun adına xüsusi mülkiyyət formasında rəsmiləşdirilib, həm də yaşayış sahəsi kimi (!).
Bələdiyyə mülkiyyətində olan və xəritələrdə də yol kimi göstərilən, "Xan Lənkəran"ın və ərazidə yerləşən daha bir neçə obyektin girişini yaşayış sahəsi kimi satmaq nə qədər qanunidir?
Yəqin ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Lənkəran üzrə nümayəndələrinin bundan xəbəri yoxdur!
Sənədin verildiyi tarixə diqqət edək: 2021-ci il. Çıxarışın verildiyi tarixdə Lənkəran Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri Elgün Abdullayev olub. O, 2022-ci ildə həbs edilib. Elgün Abdullayev məhz qanunsuz torpaq sahələri ayırmağa, qanunsuz tikintilərə icazə verməyə görə dəmir barmaqlıqlar arasına salınıb. 50 səhifədən artıq məhkəmə materialları ilə tanış olduqca, rayonda o vaxtlar "torpaq və tikinti alver"inin hansı səviyyədə getdiyini və kimlərin adlarının çəkildiyini görüb heyrətlənməmək mümkün deyil. Ona görə də, yaxşı olardı ki, aidiyyatı qurumlar haqqında bəhs etdiyimiz sənədi də diqqətlə araşdırsınlar.
Digər tərəfdən artıq tikintiyə start verilibsə, deməli, buna icazə verən və ya göz yuman aidiyyatı qurumlar bu suala da cavab verməlidir: sabah, Allah eləməsin, hansısa zərurət yaransa, "Xan Lənkəran"a hansısa yanğınsöndürən maşın necə yaxınlaşacaq? Bunun məsuliyyətini kimsə anlayırmı?
Ümid edirik ki, Lənkəran şəhər İcra Hakimiyyəti, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, habelə digər aidiyyatı qurumlar məsləni qısa zamanda nəzarətə götürəcək və lazımi addımlar atacaq.
Mövzunu diqqətdə saxlayacağıq.