"Bizim mollalara baxanda qorxursan, bu, İslam deyil"
!["Bizim mollalara baxanda qorxursan, bu, İslam deyil"](https://sfera.az/photo/orginal/2025/02/08/1739030943_289541_0v5kbnzmt6.jpg)
Əməkdar artist Bəhram Bağırzadə "Efirdən kənar" verilişində qonaq olub.
Sfera.az xəbər verir ki, aktyor zövqlü geyinməkdən söz açaraq bəzi mollaların libasını tənqid edib:
"Mən zövqlü geyinməyi xoşlayıram. Çünki atam da elə idi. Baxmayaraq ki, atam vəzifədə işləyirdi, ayaqla getdiyi qısa məsafədə belə insanların geyminə fikir verərdi. Baxmırdı, qadındır, kişidir, deyərdi ki, nə qəşəng palton var. O insanın artıq ürəyi açılırdı, evə uça-uça gedirdi. Çünki tanımadığı bir adam, özü də formada ona kompliment deyib. Lətif Kərimov (red. Mərhum Xalq rəssamı, xalçaçı) dünyada ilk xalça muzeyini düşünüb. İndiyə kimi muzey onun fikirləri sayəsində qazanır. Onun 70 yaşı var idi, çox qəşəng geyinərdi. Bir dəfə jurnalistlərdən biri sual vermişdi ki, Lətif müəllim, niyə görə belə şık geyinirsiniz? Cavab vermişdi ki, elə bilirsən mən özüm üçün geyinirəm, yox. Sizə görə geyinmişəm ki, gözünüz yaxşı şey görsün.
Quranda da bu buyrulub ki, ey insanlar, məscidə gedəndə ən gözəl libasınızı geyinin, ətirlənin. Çünki sağında-solunda namaz qılanlar da o ətri hiss etsinlər, geyiminə baxsınlar. Bizim mollalara baxırsan, qorxursan, məscidə getmək istəmirsən. Şalvarları palçıq içində, əzilmiş, pencək, papaq, axı bu, İslam deyil. Hamısı yox, bəziləri. Aralarında savadlıları da var".