Logo

500 manat və “Yalan” - “O səs Türkiyə”nin seçim turundan FOTO/REPORTAJ

500 manat və “Yalan” - “O səs Türkiyə”nin seçim turundan FOTO/REPORTAJ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Otelin qapısından içəri daxil olanda bir anlıq özümüzü hər hansı bir müsabiqənin seçim turunda deyil, Konservatoriyanın auditoriyasında zənn edik. Kimi səsini açır, kimi gitara çalır, kimi də səhnədəymiş kimi rəqs edirdi. Bir sözlə özlərinə bir əl qatmışdırlar ki, onların həyəcanı kənardan onları seyr edən yaxınlarına da keçmişdi.

Az qala həyəcandan biz də mövzunu unutmuşduq. Söhbət Türkiyənin məşhur müsabiqələri “O səs Türkiyə” və “Yetenek Sizsiniz”in yaradıcı heyətinin Bakıdakı seçim turundan gedir.

Hamı növbəsinin çatmasını gözləyir. Seçim turuna 1 saat olar start verilib. Buna baxmayaraq, növbədə olduqca çox insan var. Onların arasında professional müğənni də var, ofisiant da, musiqi təhsili alan tələbə də, hətta müəllimə də. Onların tək ortaq nöqtələri var: məşhur olmaq, səsini insanlara eşitdirmək.

“Berivanım”, 500 manat və “Yalan”

32 yaşlı Aytən xanım Masallıda yaşadığını və orada toy məclislərində müğənnilik etdiyini deyir. O, oxuyacağı mahnını hələ dəqiqləşdirmədiyini, ancaq səs tembrinə düşdüyü üçün “Berivanım”ı ifa etmək istədiyini bildirir. Əgər əsas seçimlərdə münsiflərin diqqətini çəkə bilsə, Ebru Gündəşi seçməyi düşünür. Aytən xanımdan “Səs Azərbaycan” müsabiqəsinin olmasına baxmayaraq, niyə Türkiyəyə üz tutduğunu soruşuruq. Aldığımız cavab bizi xeyli təəccübləndirdi:

“Mən buradakı müsabiqəyə də getdim. Səsimi bəyəndilər. Ancaq dedilər ki, iştirak etmək üçün 500 manat verməliyəm. Ona görə də bütün həvəsim öldü”.

Ona uğurlar arzulayıb başı sevgilisi ilə söhbətə qarışan Kamal bəyə yaxınlaşırıq.

O, müsabiqədə iştirak etməyinin səbəbini belə açıqlayır:

“Müsiqi ilə professional şəkildə məşğul oluram. Daha öncə Türkiyədə işləmişəm. Sonra alınmadı, ölkəyə qayıtmalı oldum. İndi özümü yarışmada sınamaq istəyirəm. Qalib gəlib-gəlməmək vecimə deyil. Ancaq seçilsəm, Ebru Gündəşin komandasında olmaq istəyirəm”.

Kamal bəylə söhbətimizi bitirər bitirməz gözümüz qırmızı gödəkçəli qıza sataşır. Deyəsən yarışmaya ailəsi ilə gəlib.

- Salam. Adınızı öyrənə bilərəm?

- Salam. Adım Elnarədir.

- Hansdı mahnını səsləndirəcəksiniz?

-“Yalan” mahnısını oxumaq istəyirəm. Amma fikrimi dəyişə bilərəm.

- Öz müsabiqəmiz var, niyə “O səs Türkiyə”ni seçdiniz?

- Düzü özüm də bilmirəm. Büelə deyək, bu müsabiqənin şəffaflığına inanıram. Bəlkə də məndə bu fikir Elnur Hüseynovun qalib gəlməsindən sonra yarandı.

- Hansı münsif heyətinin komandasında olmağı arzulayırsınız?

- Murat Bozu istəyirəm.

Darıxmağa qoyma məni

Elnarə ilə sağollaşıb üzümüzü bayaqdan bəri gitarada çalıb oxuyaraq, növbədə gözləyənləri darıxmağa qoymayan oğlanlar qrupuna çevirirəm. Bayaqdan müraciət etmədikləri mahnı qalmasa da, müsabiqədə hansını oxuyacaqlarını bilmirlər.

“Bir çox mahnıya hazırlaşmışıq. Növbəmizə hələ çox var. O vaxta kimi dəqiqləşdirəcəyik. Gökhan-Hakan qardaşlarının qrupunda olmaq istəyirik”.

“Kraldan çox kralcı”

Növbədəkilərlə xüdafizləşib Türkiyədən gələn heyətlə görüşməyə gedirik. Türkiyəlilərin belə bir sözü var: “Kraldan çox kralcı”. Bu sözü özünü olduğundan daha yüksək vəzifədə zənn edənlərə deyirlər. “Acun medya”nın işçiləri, yəni Acun Ilıcalının göndərdiyi iki nümayəndə - Sərcan Bilgin və Atakan Tuncer də əvvəlcə elə davrandılar. Ancaq sonradan həm bir-iki sualımızı cavablandırmağa, həm də seçimlər zamanı çəkiliş etməyimizə icazə verdilər. Sərcan Bilgindən azərbaycanlı iştirakçıların ən çox hansı xüsusiyyətlərini bəyəndiiyini soruşduq:

- Səs tembləri güclü olur. Yarışmanı izləmisinizsə, özünüz də görərsiniz ki, səhnədə çıxış edənlərin çoxu münsiflər heyətini təəccübləndirə bilir.

- Səs, yoxsa xarici görkəm, hansı daha önəmlidir?

- İkisi də önəmlidir. Ancaq səs çox güclü olanda digər nüanslar arxa plana keçir.

- Bu il “O səs Türkiyə”də iştirak edən azərbaycanlıların sayı həddən çoxdur. Sizcə marağın belə artmasında Elnur Hüseynovun qalib gəlməsinin payı oldumu?

- Bunun təsiri ola bilər. Bundan öncəki illərdə də Azərilər gəlirdilər. Sadəcə bu il maraq daha da artıb.

Seçimlər üçün gələn heyətdə olan Atakan Tuncerin başı iştirakçılara qarışdığından suallarımızı cavablandırmaq istəmir.

Biz də  performansını yekunlaşdıran iştirakçılara yaxınlaşırıq. Kimi öz çıxışından razı qalıb, kimi də həyəcanlandığı üçün mahnını istədiyi kimi səsləndirə bilmədiyini düşünür.

Qapıda çıxış etmək üçün tələsənlər, “holl”da gitarada ifa edənlər... Üzlərdə həm gərginlik, həm də ümid var... Bəlkə də indi yaxınlaşıb söhbətləşdiyimiz bu insanların arasından əlçatmaz ulduzlar çıxacaq. Çox qəribə gəlir. Bu düşüncələrlə oradan ayrılırıq. Təəssüratlarımızı sizinlə bölüşmək üçün tələsirik. Biz məqsədimizə çatdıq. Bəlkə bizim ulduz olmaq istəyən dostlarımız da arzularına çatalar.

Hamısına uğurlar arzusu ilə,(publika.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR