Azərbaycanda bu şəxslərin pensiyası iki dəfə ARTACAQ
Gələn aydan etibarən pensiyalarda iki istiqamətdə artımlar həyata keçiriləcək: həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama uyğun olaraq minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq.
Maraqlıdır, ümumi artım nə qədər olacaq?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bildirdi ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək Pensiyaları haqqında" Qanuna əsasən həyata keçirilir:
“Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əməkhaqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əməkhaqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir”.
Milllət vəkilinin sözlərinə görə, bütün bunlarla yanaşı, bəzi vətəndaşlarımızın pensiyaları iki dəfə artırılacaq, yəni onların pensiyaları həm indeksləşdirməyə cəlb olunacaq, həm minimum pensiya məbləğinə çatdırılmaq üçün yenidən artırılacaq:
“Məsələn, əgər vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıbsa və onun pensiya məbləği 290 manatdısa, yəni yeni minumum pensiya məbləğindən (320 manat) azdırsa, bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 23.2 manat əlavə olunacaq. Çünki indeksləşdirmə ilə bağlı sənəd hər il fevral ayında imzalansa da, o yanvarın 1-dən qüvvədə olur. Yəni ilin əvvəlindən etibarən bütün əmək pensiyaları indeksləşdirilir. Amma bizim nümunədə alınan məbləğ- 313.2 manat, yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm daha sonra 320 manata çatdırılacaq. Deməli, həmin vətəndaşımızın pensiya məbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiq olunacaq”.
Firuzə Əliyeva