Logo

Kəsir pulunu ödəmək üçün qələm satan BDU tələbəsi – MÜTLƏQ OXUYUN

Kəsir pulunu ödəmək üçün qələm satan BDU tələbəsi – MÜTLƏQ OXUYUN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Elvin Əzimov: “Beş günlük dünyadırsa, niyə bacardığımız qədər öyrənməyək və dərinlərə enməyək?”
“Tarix və Hüquqşünaslıq fakültələri üçün qələmlər artıq hazırlanıb. Qələmin qiyməti 50 qəpikdir. Qeyd: Bu qələmləri tələbə kəsir pulunu ödəmək üçün hazırladıb satır. Gəlin ona dəstək olaq”.

Müsahibimizlə tanışlığımız Feysbuk sosial şəbəkəsində paylaşılan bu statusdan sonra oldu. Statusa yazılan rəylər statusdan da təsirli idi. Tələbələr yoldaşlarına dəstək olmaq və qələmləri almaq üçün əllərindən gələni edirdilər. Biz də statusun qəhrəmanı olan zəhmətkeş tələbəni tanımaq və söhbətləşmək qərarına gəldik.

Elvin Əzimov Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ikinci kursunda təhsil alır. O, özünü belə təqdim edir: “Tələbə, replə və arada yazı-pozu ilə məşğul olan adi bir insan”.

“Kəsir mənim problemimdir, ailəmin yox”

Həmsöhbətimiz deyir ki, qələmləri düzəldib satmaq o qədər də çətin deyil. O, artıq dostlarının köməyi və sosial şəbəkələr vasitəsilə kəsir pulunun böyük bir qismini toplayıb: “Qələmləri hazırlatmaq o qədər də çətin deyil. Sadəcə, hansı fakültənin daha çox ala biləcəyini araşdırıb həmin fakültəyə aid hazırlatdırıram və sosial şəbəkədə səhifələr, dostların köməkliyi ilə satıram. İlk dəfə bu ideya ağlıma gələndə qələm satmağı düşünməmişdim. İki çox sevdiyim kitabım var idi və onları satmışdım, əlimdə az məbləğdə pul var idi. Həmin vaxtda da kəsir dərsinin (alt qrup) pullu olduğu xəbəri çıxdı. Həmin pulla alt qrup pulunun arasında isə böyük fərq var idi. Bir az fikirləşdikdən sonra qələm çıxarmaq ağlıma gəldi”.

Elvin deyir ki, kəsir onun problemi olduğu üçün valideynlərinə bu barədə məlumat verməyib: “Sadəcə, bir kəsrim var idi. O da tam olaraq mənim səhvim deyil, yəni elə olsaydı, indi 9 kəsrim olardı, bir yox. Kəsrimin olduğunu evdə demədim. Çünki bu, mənim problemimdir, evdəkilərin yox… Ümumiyyətlə, evdən asılı olmağı sevmirəm. Öz kəsrimdirsə, pulunu da özüm ödəməliyəm. Ailəmin dəstək çıxmasını istəmirəm”.

Palçığa batmasan…

Həmsöhbətimizin qələm satmaq fikri universitetdə birmənalı qarşılanmayıb: “Təbii ki, kəsir pulunu yığmaq üçün qələm satmağıma hamı eyni fikirlə yanaşmadı. Mənasız baxanlar da, yaxşı qarşılayıb sevinənlər də oldu. İnsandan insana fərq var. Hamının fikrinə hörmətlə yanaşıram, kimisə almağa məcbur etmirəm. Onlara bu, mənasız gəlir, mənə də onların həyatı. Bu, normal haldır”.

“Sizcə, qələm düzəldib satmaq rahatdır, yoxsa yaxşı oxuyub kəsirə qalmamaq?” sualına müsahibimizin cavabı maraqlı oldu: “Bu, bilirsiniz, nəyə oxşayır, palçığa batıb üstünü təmizləmək yaxşıdır, yoxsa palçığa heç batmamaq?” sualına. Təbii ki palçığa batmamaq daha yaxşıdır, amma palçığa batmasan da, o palçığın necə təmizləndiyinin çətinliyini başa düşmərsən. Əsas bir səhvi ikinci dəfə təkrarlamamaqdır”.

“Axı gələcək bizim əlimizdədir”
Elvinlə müasir gəncliyin problemlərindən də danışdıq. Elvin deyir ki, daha çox yaşıdlarıyla deyil, böyüklərlə ünsiyyət qurur: “Məncə, müasir gənclərdə problem çoxdur. Ən azından ölkənin gələcəyi gənclərin əlindədirsə, bizə daha sağlam düşünən bir gənclik lazımdır. Kütlə şəklində hərəkət edən bir gənclik var, bu gəncliyi ancaq mütaliə xilas edə bilər. Bu da qorxuyla yox, sevgiylə təbliğ edilməlidir. Qorxuyla, məcburiyyətlə verilən təhsilin də necə effekt verdiyi göz qabağındadır. Yaşıdlarım arasında sağlam düşüncəli insan az tapıram, buna görə bədbəxtçilikdən özümdən böyüklərlə ünsiyyət qururam. Həmişə mən nəsə deyəndə, deyirlər ki, elə danışıram, elə bil 50 yaşım var. Buna görə heç nə demirəm. Sadəcə, sağlam düşüncəyə sahib olmalarını arzulayıram, axı gələcək bizim əlimizdədir”.
Həmsöhbətimiz gələcək planlarını da bizimlə bölüşdü. O deyir ki, məqsədi özündən sonra iz qoymaqdır: “Dünyaya o qədər insan gəlir və gedir ki. Yeddi milyardın içində hər birimiz adi bir nöqtəyik. Çox insan da “beş günlük dünyadır” deyib əylənir, həyatdan maksimum zövq almaq istəyir. Amma beş günlük dünyadırsa, niyə də bacardığımız qədər öyrənməyək və dərinlərə enməyək? Çünki birincisi daha asandır. Hamı da asana qaçır. Ən əsası, faydalı bir insan olub, özündən sonra az da olsa, iz qoymaqdır”.

AZEDUPRESS.COMKəsir pulunu ödəmək üçün qələm satan BDU tələbəsi – MÜTLƏQ OXUYUNKəsir pulunu ödəmək üçün qələm satan BDU tələbəsi – MÜTLƏQ OXUYUN

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR