Ağdamın Xıdırlı kəndinə 30 milyon manat ayrıldı


Ağdamın Xıdırlı kəndinə 30 milyon manat ayrıldı

Ağdam rayonunun Xıdırlı kəndində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilməkdədir. Bu işlər çərçivəsində kəndin elektrik və su xətləri, qaz təchizatı, eləcə də kanalizasiya şəbəkəsi yenidən inşa olunub.

 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu işlərin davamı olaraq kəndin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işləri növbəti dəfə yaxşılaşdırılacaq.

 

Belə ki, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub.

 

Qurum kənddə sözügedən işlərin icrasını "Körpü-Bina-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

 

Müqaviləyə əsasən, şirkətə 29,9 milyon manat ödənilib.

 

Qeyd edək ki, Xıdırlı kəndində sözügedən işlərin icrasının həvalə olunduğu "Körpü-Bina-Tikinti" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan MMC-nin qanuni təmsilçisi Xaliq Avdil oğlu Göyüşovdur.

 

Xatırladaq ki, Xıdırlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsindən sonra kənd Azərbaycana geri qaytarılıb.

 

Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır.


OXŞAR XƏBƏRLƏR