92,4 milyon manat ölkəyə qaytarıldı - RƏSMİ
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitləri ölkəyə qaytarılıb.
Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib.
Qeyd olunub ki, bu istiqamətdə Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır:
“Hazırkı vaxtadək Bakı şəhərinin Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 54,4 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 92,4 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib”.
Qurum müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrasının davam etdirildiyini vurğulayıb.
Günay