Bakıdakı məşhur göydələn "Trump"sız qaldı
Bakının Nəsimi rayonunda yerləşən məşhur "Trump Tower” otelinin adı sökülür.
Sfera.az "qafqazinfo”ya istinadən xəbər verir ki, söküntü işləri hazırda davam edir. 33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.
Qeyd edək ki, ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. Trump Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini "ev təmizliyi" adlandırmışdı.
Xatırladaq ki, bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti - təsisçisi Azərbaycanın Nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus "Qarant” Holdinqdir.
Donald Trump haqqında "Örtüksüz Trump" adlı bioqrafiya kitabında müəlliflər Michael Kranish və Marc Fisher yazır ki, Donald Trump-ın ABŞ prezidentliyinə namizədliyi ilə bağlı maliyyə bəyannaməsində, 2014-cü ilin yanvar və 2015-ci ilin iyul ayları arasında Garant Holding-lə müqavilə nəticəsində onun 2.5 milyon dollar aldığı məlum olub.






