Ötən il 1 500-dən çox şəxs cərimələndi
Azərbaycanda ötən il təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunan 1 526 nəfər vəzifəli şəxs və vətəndaşlara 1 836 min manat məbləğində inzibati cərimə sanksiyası tətbiq edilib.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 120,7 min hektar olan 10 dövlət təbiət qoruğu, sahəsi 421,4 min hektar olan 10 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcud olub. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2024-cü ildə 1 915 müəssisədə müvafiq müayinələr aparılmış və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunan müəssisələrin 41,5 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunan müəssisələrin 47,9 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunan müəssisələrin 25,7 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.