MEDİA-nın Müşahidə Şurasının 2025-ci il üzrə ilk iclası keçirildi - FOTOLAR
14 yanvar tarixində Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2025-ci il üzrə ilk iclası keçirilib.
Sfera.az xəbər verir ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov və İcraçı direktorun müavini Natiq Məmmədli iştirak ediblər.
İclasın gündəliyinə əsasən Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova tərəfindən Agentliyin 2024-cü il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub. Hesabatda media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin, kommunikasiyaya məsul şəxslərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, həmçinin media sahəsində beynəlxalq əlaqələrin qurulması və inkişafı, COP29 çərçivəsində Agentlik tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verilmiş, Şura üzvləri tərəfindən nizamnaməyə uyğun olaraq icra edilən layihələrin əhatə dairəsinin daha da genişləndirilməsi üçün yeni təkliflər irəli sürülmüşdür.
Daha sonra Agentliyin maliyyə və təminat departamentinin direktoru Orxan Hümbətzadə qurumun Nizamnaməsinin 4.7.6-cı yarımbəndinə uyğun olaraq, bütün fəaliyyət istiqamətləri əhatə edilməklə cari il üçün maliyyə planlaşdırması barədə məlumat vermiş, Şura üzvləri Agentliyin 2025-ci il üzrə nəzərdə tutulmuş büdcə daxilində vəsaitin bölgüsünü qənaətbəxş hesab etmişlər.
Bundan əlavə, müzakirələr zamanı media sahəsinin inkişafını dəstəkləyəcək strateji layihələr, innovativ yanaşmaların təşviqi və resursların səmərəli bölüşdürülməsi məsələləri nəzərdən keçirilmiş, fikir mübadiləsi aparılmışdır.