Bayram günlərində bu qurum da gücləndirilmiş rejimində İŞLƏYƏCƏK
Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Sfera.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.
“Bakı şəhərində 140 civarında təcili tibbi yardım briqadası, 61 region üzrə isə 270-ə yaxın briqada xidmətə hazır vəziyyətdə gətirilib.
Onlar tibbi ləvazimatlarla, dərman preparatları və s. ilə tam təmin edilib. Yeni il ilə əlaqədar qeyri-iş günlərində həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq”.
Qurumdan həmçinin qeyd olunub ki, məsul şəxslər tərəfindən təcili tibbi yardım xidmətinin fəaliyyətinə nəzarət tədbirləri tətbiq olunacaq.
“Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar, təcili və təxirəsalınmaz tibbi yardım şöbələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcək”, qurum yekunlaşdırıb.
Türkan