Şəhid anaları "Əshabi-Kəhf"də təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudu - VİDEO
Bu gün “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində əfsanəvi generalımız Polad Həşimovun anası Səmayə ana Naxçıvanın qəhrəman şəhid oğullarının valideynlərinin qonağı olub.
Sfera.az xəbər verir ki, şəhid anaları birlikdə müqəddəs “Əshabi-Kəhf” ziyarətgahına gediblər.
Onlar orada həm Vətən uğrunda canını fəda etmiş şəhidlərimiz üçün, həm də dünən dəhşətli təyyarə qəzasında həlak olan şəxslər üçün dualar ediblər.
Faciəvi qəzada sona kimi mərdliklə dik duran, ölümə getdiyini bilsə də, yanındakı insanları sakitləşdirməyə çalışan qəhrəman bələdçi Hökumə Əliyevanı da yad edən analar, onun ruhuna dualar oxuyublar.
Görüşdə Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qızı Əməkdar artist Fərqanə Qasımova da iştirak edib.
Anaların sözlərindən, dualarından təsirlənən Fərqanə Qasımova öz əvəzsiz ifasıyla qəhrəmanlarımızı yad edib.
Allah Vətənimizin bütövlüyü uğrunda şəhid olan qardaşlarımıza, dünən həyatını itirən insanlara, mərd Azərbaycan qızı Hökümə Əliyevaya rəhmət eləsin!