Qəzada həlak olan 4 nəfərin nəşi Azərbaycana gətirildi- YENİLƏNDİ
19:51
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarından 4 nəfərin nəşi bu gün AZAL təyyarəsi ilə Bakıya gətiriləcək.
Sfera.az xəbər verir ki, bunu bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında Fövqalədə Hallar Nazirinin müavini general-mayor Adil Abdullayev bildirib.
"Digər şəxslərin nəşinin gətirilməsi üçün dövlətin aidiyyəti strukturları tərəfindən işlər aparılır", - o əlavə edib.
Qeyd edək ki, daha öncə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Yaralıları gətirən FHN-nin xüsusi təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.
***
AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 4 sərnişinin nəşi Bakıya çatdırılıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.