Xalq rəssamı vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Mədəniyyət nazirliyindən Sfera.az-a verilən məlumata görə, Xalq rəssamı Rafiq Nəsirov vəfat edib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Rafiq Nəsirov 29 noyabrda 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Rafiq Əliş oğlu Nəsirov 4 avqust 1947-ci ildə Sabirabad şəhərində anadan olub. 1964-cü ildə Politexnik Texnikumunun Memarlıq fakültəsini, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Memarlıq şöbəsini bitirib. 1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında memar kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra kino rəssamlığı üzrə işləyib. “Azərbaycanfilm”də müxtəlif illərdə istehsal olunmuş “Bədbəxtliyin astanasında”, “Yeddi gözəl”, “Əzablı yollar”, “Musiqili xaş”, “Bəyin oğurlanması”, “Cin mikrorayonda”, “Qəm pəncərəsi”, “Şeytan göz qabağında”, “Yaramaz”, “Sahilsiz gecə”, “Bəxt üzüyü”, “Qəzəlxan”, “Nakəs”, “Həm ziyarət, həm ticarət”, “Yük”, “Otel otağı”, “Sarı gəlin”, “Cavad xan”, “Nə gözəldir bu dünya”, “Ovsunçu”, “Küçələrə su səpmişəm”, “Məhkumlar”, “Biz qayıdacağıq”, “Günaydın, mələyim”, “Yarımçıq xatirələr”, “Dolu”, “Mərmər soyuğu” və s. filmlərin quruluşçu rəssamı olub.
Rafiq Nəsirov eyni zamanda Rusiyada lentə alınan bir sıra teleseriallara da bədii tərtibat verib, Polşa və Fransa kinematoqrafçıları ilə əməkdaşlıq edib. Sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, 2000-ci ildə “Əməkdar rəssam”, 2007-ci ildə “Xalq rəssamı” fəxri adlarına, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə isə 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Günay