"Alkoqol və tütün məhsullarını istehlakdansa, ixrac etmək daha faydalıdır" - Millət vəkili
Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə əsasən spirtli içkilər üçün minimum qiymət müəyyənləşdiriləcək. Dəyişikliklər araq məhsullarının qiymətinin minimumlaşdırılmasını nəzərdə tutur.
Maraqlıdır, dəyişikliyin əsas səbəbi nədir və nəticəsi necə olacaq?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, bu dəyişiklik spirtli içkilərin istehlakının azaldılması məqsədini daşıyır.
Millət vəkilinin sözlərinə görə, ölkəmizdə içki və tütün məhsullarının xərcinin ailə büdcəsində payı artmaqdadır:
“Bu ilin ilk 9 ayında Azərbaycanda içkilər və tütün məmulatlarına 1 milyard 882 milyon manat xərclənib. Əvvəlki ilin uyğun dövrünə nisbətən vətəndaşlarımız içki və siqaretə 132 milyon manat daha çox pul ayırıb. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içki və siqaretə xərcləyirlər. İçki və tütün xərclərinin artması həmin məhsulların qiymətinin yüksəlməsi ilə bağlı olsa da tələbin artması da müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda, bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir”.
V.Bayramov qeyd etdi ki, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə, ixrac etmək daha faydalıdır:
“İstehlak artdıqca xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür”.
Firuzə Əliyeva