"Avtobus zolaqlarının heç bir effekti yoxdur, çünki yollar tez-tez..." - Cərimələrlə bağlı daha bir ETİRAZ

"Avtobus zolaqlarının heç bir effekti yoxdur, çünki yollar tez-tez..." - Cərimələrlə bağlı daha bir ETİRAZ

Son günlər paytaxt küçələrində çəkilən avtobus zolaqları müzakirə obyektinə çevrilib.  Xüsusilə avtomobil sahibləri bu zolaqlar, o cümlədən yazılan cərimələrlə bağlı narazılıqlarını mütəmadi olaraq gündəmə gətirirlər.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, dünyanın müxtəlif ölkələrində, şəhərlərdə ictimai nəqliyyat üçün xüsusi yollar nəzərdə tutulub və bu, normaldır:

 

“Amma Bakıda son zamanlar məntiqsiz olaraq çəkilmiş “avtobus yolları”nın sayı artıb. İctimai nəqliyyat üçün yollar kəsintisiz olanda effekt verir, avtobusların tıxacda ilişməsinin qarşısı alınır. Bakıda isə kəsintisiz avtobus yolu, demək olar, yoxdur. İctimai nəqliyyat üçün olan yol tez-tez qırılır, həmin yerlərdə avtomobillər məcburən bütün yola dolur. Nəticədə, məsələn, 500-800 metr öz yolu ilə gələn avtobus yenə tıxacda ilişir, həmin yolların heç bir effekti olmur. Digər tərəfdən, ictimai nəqliyyatın özü bərbaddır, avtobuslar, metro basabasdır, sıxlıq çoxdur, ictimai nəqliyyatın intervalı yüksəkdir, insanları təşviq edən yanaşma yoxdur. Məsələn, 1 saatlıq, 1 günlük, 1 aylıq, 1 illik biletlərə keçid baş vermir, gedişhaqqı birdəfəlik miniklə hesablanır. Halbuki, günlük-həftəlik-aylıq-illik biletlərə keçid baş versə, gün ərzində 5-6 dəfə ictimai nəqliyyatdan istifadə edənlər uzunmüddətli və ən əsası, daha ucuz biletlər ala bilərlər ki, nəqliyyatdan istifadə daha sərfəli olsun. Yəni birdəfəlik gedişhaqqı 50 qəpikdirsə, 1 günlük alanda bu 45 qəpiyə, 1 həftəlik alanda 40 qəpiyə, 1 aylıq alanda 30 qəpiyə, 1 illik alanda 20 qəpiyə düşməlidir və eyni bilet metro və avtobuslar üçün keçərli olmalıdır”.

 

N.Cəfərli qeyd etdi ki, avtobus zolaqları kiçik-orta sahibkarları da bankrot səviyyəsinə çatdırıb:

 

“Yol kənarında obyektləri olan sahibkarların alverləri 60-70% düşüb. Son günlərdə, bəlkə də, 40-45 mağaza sahibindən, kiçik sahibkarlardan bu məsələ ilə bağlı müraciətlər almışam, hətta küçədə saxlayıb dərdlərini deyiblər. Bu haqda düşünən olubmu? Kiçik-orta sahibkarlıq onsuz da can üstündədir, itib-batırlar, büdcədə, iqtisadiyyatda rol oynaya bilmirlər. Yəni kiçik biznes avtobus yollarına görə də ciddi ziyanla üzləşib. İcitmai nəqliyyatın yoluna çıxmaq 100 manat cərimədir, əgər xətlər məntiqli çəkilsəydi, mən razı...Amma elə küçələr, yollar var ki, bəzən məcburiyyətdən xətti azacıq tapdalayırsan, o dəqiqə 100 manat cərimə gəlir. Cərimənin məntiqi vərdişlərin tərbiyəsidir, camaatın cibinə girmək deyil. Yəni cərimə 30 manat da olsa, bu, 95% sürücülər üçün ağır yükdür”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR