Yolları dağıdan, tunel tavanına qədər yüksələn yağış suları: AAYDA hara baxır?

Yolları dağıdan, tunel tavanına qədər yüksələn yağış suları: AAYDA hara baxır?

Hər dəfə Bakıya güclü yağışlar yağanda bəzi avtomobil yollarında və tunellərdə böyük həcmdə yağış sularının yığılması müşahidə edilir. Eyni hal oktyabrın 21-i və 22-si tarixlərində yağan güclü və fasiləsiz yağışlardan sonra da təkrarlanıb. 


Sfera.az xəbər verir ki, yağışların yağmasından sonra şəhərin əksər tunelləri su ilə dolub, avtomobillərin bu tunellərdən hərəkəti qeyri-mümkün olub. Sosial şəbəkərlərdə paylaşılan görüntülərdən, rəsmi dövlət qurumları tərəfindən açıqlanan məlumatlardan görünür ki, bəzi tunellərdə yığılan suyun səviyyəsi hətta tunel tavanına qədər yüksəlib, minik avtomobilləri, avtobuslar suyun içində qalıb. Yaranmış vəziyyət onu göstərir ki, tunellər inşa edilən zaman yağış və sel sularının çəkilməsi üçün layihələndirilən və qurulan nasos stansiyaları işlək vəziyyətdə olmayıb. Əgər nasos stansiyaları işlək vəziyyətdə olsaydı, tunellərdə ya su yığılmazdı, ya da yığılan suyun səviyyəsi çox aşağı olardı. 


Belə anlaşılır ki, nasos stansiyalarının istismarı üçün ayrılan vəsait düzgün xərclənməyib. Vəsaitlər təyinatına uyğun xərclənsə və nasos stansiyaları saz vəziyyətdə olsa idi, Bakı bu gün sözügedən problemi yaşanmazdı. Azərbaycanda şəhərlərdə və digər yaşayış məntəqələrində avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarətin təmin edilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilir.

 

AAYDA körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi və istismarına birbaşa cavabdehdir. Qurum hər il dövlət büdcəsindən yolların əsaslı və adi təmiri üçün böyük məbləğdə vəsait alır. Vəsaitin bir hissəsi məhz Bakı şəhərində yol infrastrukturunun qorunması, yollara və yardımçı qurğulara xidmətin təşkili məqsədilə ayrılır. 


Quruma verilən səlahiyyətə uyğun olaraq o, avtomobil yollarında, tunellərdə yığılan yağış və yeraltı qrunt sularının kənarlaşdırılması üçün nasos stansiyaları quraşdırır və onların istismarını təşkil edir. Paytaxtın bəzi yollarının və tunellərin yerləşmə mövqeyi elədir ki, yağışdan sonra bu qovşaqlardan suların təbii axarla çəkilməsi mümkün deyil. Buna görə də həmin yerlərdən suların kənarlaşdırılması üçün nasos stansiyaları quraşdırılır. 


Son iki gündə bəzi yolları və tunelləri su basması onu göstərir ki, nasos stansiyaları nasaz vəziyyətdə olub, işləməyib. Adətən nasosxanalar layihələndirilən zaman fövqəladə hal da nəzərə alınır. Yəni güclü yağışlar zamanı yaranan böyük həcmdə suyun kənarlaşdırılması üçün birinci nasos stansiyası ilə yanaşı ikinci -  yardımçı nasos stansiyası da nəzərdə tutulur. Belə hava şəraitində əsas və yardımçı nasosxanalar işə salınmalıdır. Lakin yağışların dayanmasından sonra tunellərdə hələ də suyun qalması ondan xəbər verir ki, nəinki ikinci nasasxona, hətta birinci nasosxanalar da işlək vəziyyətdə olmayıb. Əks halda tunel və yollarda suyun səviyyəsinin sürətlə azalması müşahidə edilərdi. 


Nasos stansiyalarının işlək vəziyyətdə olmaması bu qurğulara xidmət göstərən, onların təmirini həyata keçirməli olan AAYDA-nın öz üzərinə düşən öhdəliyini yerinə yetirmədiyini, bu məqsədlə hər il ayrılan vəsaitləri təyinatı üzrə xərcləmədiyini göstərir.

Tunellərdə və digər yol qovşaqlarında böyük həcmdə suyun yığılması həmin qurğuların zərər görməsinə, daha tez sıradan çıxmasına da rəvac verir. Yığılan sular yolların birinci “düşməni” hesab olunur. Uzun müddət qalan su yol örtüyünün üst hissəsini və yol yatağını dağıtdığından yollar daha tez dağılır, onların daha tez təmirə ehtiyacı yaranır. Dolayısı ilə zəruri yerlərdə quraşdırılan nasos stansiyalarının istismarının düzgün təşkil edilməməsi dövlət vəsaitinin səmərəli istifadə edilməməsindən xəbər verməklə yanaşı, həm də yol infrastrukturunun daha tez sıradan çıxmasına, dövlət əmlakının ciddi zərər görməsinə səbəb olur. 


Altay  


OXŞAR XƏBƏRLƏR

Hava limanında vidalaşmaq üçün vaxt məhdudiyyəti tətbiq edildi

Yeni Zelandiyanın Dunedin hava limanında vidalaşmaq üçün vaxt məhdudiyyəti tətbiq edilib.   Sfera.az xəbər verir ki, yeni qaydaya görə, insanlar bir-...

Bu yolda uçqun OLDU

Son günlər Azərbaycana yağan intensiv yağıntılar nəticəsində İsmayıllı rayonu ərazisindəki Namazgah-Lahıc yolunda kiçikmiqyaslı uçqun qeydə alınıb.   ...

Avropalılar bu avtomobillərə üstünlük verir - Rekord satış QEYDƏ ALINDI

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) sentyabr üçün Avropa İttifaqı (Aİ) ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb. Məlumatlar...

Bu özəl bağçada uşaqlara yatmaları üçün “ketotifen” dərmanı verilir - BAKIDA

Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Bunlardan biri də Yasamal rayonunda yerləşən “Əsmanur&rdqu...

“Ayaks” Bakıya bu futbolçularla gəlir - SİYAHI

UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq Niderlandın “Ayaks” klubunun Bakıya gətirəcəyi futbolçular...

MM hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsini ilk oxunuşda təsdiqlədi

Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir.   Sfera.az xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqı...