Qazaxda 18 tələbə zəhərlənib, prokurorluq araşdırma aparır - YENİLƏNDİ
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
***
Qazaxda tələbələr dönərdən zəhərlənib.
Sfera.az xəbər verir ki, dünən saat 19 radələrində Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyən 18 tələbəyə zəhərlənmə diaqnozu qoyulub.
Sabirabad rayon sakini 2003-cü il təvəllüdlü Ö. Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təvəllüdlü F.Rzayevaya, 2001-ci il təvəllüdlü İ. Niyazovaya, Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü. F. Süleymanovaya, Yevlax rayon sakini 2005-ci il təvəllüdlü F. Nəsibovaya, Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Ş. Məmmədovaya, 2005-ci il təvəllüdlü N. Hacıyevə, Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü C. İsrafilova, Mingəçevir şəhər sakini 2007-ci il təvəllüdlü S. Əliyevaya, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü N. Əmirovaya, Beyləqan rayon sakini 2004-cü il təvəllüdlü R. Mədətova, Ağcabədi rayon sakini 2005-ci il təvəllüdlü M. Qasımovaya, Şamaxı rayon sakini 2003-cü il təvəllüdlü N. Məlikova, Qazax şəhər sakini 2006-cı il təvəllüdlü R. Məmmədliyə, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü G. Bağırovaya, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü M. Şahbazova, Goranboy rayon sakinləri 2004-cü il təvəllüdlü O. Cəfərova və 2005-ci il təvəllüdlü A. İsgəndərovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalar aparılır.