“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hansı işlər görülür?

Yer planetinin ekosistemləri uzun müddət istismar və məhv edilib. Dünya hər üç saniyədə bir futbol meydançası boyda meşə sahəsini itirir, planetin bataqlıq ərazilərinin və mərcan riflərinin yarısı isə ötən əsrdə məhv olub. Planetin torpaqlarının 40 faizi deqradasiyaya uğrayıb və bu, dünya əhalisinin yarısına birbaşa təsir edir. 2000-ci ildən bəri quraqlıqların sayı və müddəti 29 faiz artıb. Təcili tədbirlər görülməsə, 2050-ci ilə qədər quraqlıq dünya əhalisinin 75 faizdən çoxunu əhatə edə bilər.
Sfera.az bildirir ki, quraqlıq isə eyni zamanda su qıtlığı deməkdir. İqlim dəyişikliyi həm su qıtlığını, həm də su ilə bağlı təhlükələri (daşqın, quraqlıq və s) artırır. Çünki artan istilik yağış sistemini və bütün su dövranını pozur.
Su qıtlığı - suya olan tələbatın şirin su resursları tərəfindən qarşılanmamasıdır. Bu gün dünyada təxminən iki milyard insanın təhlükəsiz içməli suya çıxışı yoxdur və dünya əhalisinin yarısı ilin ən azı bir dövründə ciddi su qıtlığı yaşayır. 3,5 milyard insan isə təhlükəsiz idarə olunan kanalizasiya qurğularından məhrumdur. Yerdəki suyun yalnız 0.5%-i istifadəyə yararlı və mövcud şirin sudur və iqlim dəyişikliyi bu amilə təhlükəli şəkildə təsir edir. Son 20 ildə torpaq nəmi, qar və buz da daxil olmaqla yerüstü su ehtiyatı ildə bir santimetrə qədər azalıb. Bu dövrdə təhlükəsiz içməli sudan və əsas kanalizasiyadan məhrum olan insanların sayı müvafiq olaraq 197 milyon və 211 milyon nəfər artıb. Bu vəziyyət su təhlükəsizliyi baxımdan vacib nəticələr doğurur. Nəticədə yoluxucu xəstəliklər ən azı 1,4 milyon insanın ölümünə və qlobal qida çatışmazlığının 50%-nə səbəb olur.
Ümumdünya Resurslar İnstitunun məlumatına görə, 36 ölkə artıq su stressi şəraitində yaşayır. Yəni yaşayış məntəqələri, sənaye və təsərrüfatlar tərəfindən tələb olunan su mövcud ehtiyatları tam istifadə edir.
Su böhranı illərdir ki, Dünya İqtisadi Forumunun Qlobal Risklər siyahısında ilk beşliyə daxil edilir.
Buzlaqlarda və qar örtüyündə saxlanılan su ehtiyatlarının da əsr ərzində daha da azalması proqnozlaşdırılır. Bundan başqa, dəniz səviyyəsinin qalxmasının qrunt sularının şoranlaşmasını artırması sahilyanı ərazilərdə insanlar və ekosistem üçün şirin suya əlçatanlığı azaldacaq.
İqlim dəyişikliyi suyun keyfiyyətinə də təsir edir. Belə ki, suyun yüksək temperaturu, tez-tez baş verən daşqınlar və quraqlığın suyun çirklənməsinin bir çox formalarını (çöküntülərdən patogenlərə və pestisidlərə qədər) gücləndirəcəyi proqnozlaşdırılır.
İqlim dəyişikliyi, əhalinin artımı və artan su qıtlığı qida təminatına təzyiq göstərəcək. Çünki şirin suyun orta hesabla təxminən 70%-i kənd təsərrüfatında işlənir. Bir insanın günlük su ehtiyacını qarşılamaq üçün isə 2000-5000 litr arasında su tələb olunur.
Güclü yağıntı hadisələrinin tezliyi çox güman ki, 21-ci əsrdə əksər ərazilərdə və daha çox yağış nəticəsində yaranan daşqınlarla artacaq. Eyni zamanda, hər hansı bir dövrdə həddindən artıq quraqlığa məruz qalan torpaqların nisbətinin də artacağı gözlənilir.
Qeyd edək ki, su ilə bağlı fəlakətlər son 50 ildə təbi fəlakətlər siyahısında üstünlük təşkil edir və onlarla bağlı bütün ölümlərin 70%-ni təşkil edir.
2000-ci ildən bəri daşqınla bağlı fəlakətlər əvvəlki iki onilliklə müqayisədə 134% artıb. Daşqınla bağlı ölümlərin və iqtisadi itkilərin əksəriyyəti Asiyada qeydə alınıb. Eyni dövrdə quraqlıqların sayı və müddəti də 29% artıb. Quraqlıqla bağlı ən çox ölümlər isə Afrikada baş verib.
Azərbaycanda da su ehtiyatları azalır. Ölkəmizin yerüstü su ehtiyatları 30 milyard kubmetrdir ki, bunun da 30 %-i respublikada formalaşır, 70 %-i isə qonşu ölkələrdən daxil olur. Son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb, 2022-ci ildə cəmi 17 milyard kubmetr təşkil edib. Təkcə Azərbaycanda yox, Türkiyə, Ermənistan, Gürcüstan və İranda atmosfer yağıntılarının paralel olaraq azalması baş verir. Buna görə də su ehtiyatlarımız həm transsərhəd, həm də yerli miqyasda azalmağa doğru gedir. Quraqlıq illərində su ehtiyatlarının azalması, daxili çayların su axının əsas sərfinin yaz mövsümünə düşməsi və onların əksəriyyətinin axınının tənzimlənməməsi nəticəsində daşqın sularından tam istifadə olunmadan dənizə axması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stallmeister qeyd edib ki, Azərbaycan qlobal miqyasda dekorbanizasiyanın təsirinə birbaşa məruz qala biləcək ölkələrdən biridir və növbəti illərdə həm su qıtlığı, həm də ekstremal isti hava kütləsi ilə üzləşəcək.
Dünyanın müxtəlif ölkələrində olduğu kimi Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Son illər Bakıda və ətraf yaşayış massivlərində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən kütləvi ağacəkmə aksiyaları, reintroduksiya layihələri birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir.
Hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür. Ətraf mühitin mühafizəsi tədbirlərində IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi də aktiv iştirak edir.
Prezident İlham Əliyev də bu problemi dəfələrlə qabardıb və onun siyasi iradəsiylə su qıtlığı ilə mübarizə sahəsində davamlı işlər həyata keçirilir.
“Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik” , - dövlət başçısı martın 1-də “Euronews” televiziyasına müsahibəsində də qeyd edib. Vurğulayıb ki, yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır.
Ölkəmizdə 2025-ci ilə qədər ortamüddətli, 2030-cu ilə qədər isə uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikilməsi, alternativ sulardan istifadənin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması hədəflənir.
Son illər qarşıda duran əsas prioritetlər arasında azad edilmiş ərazilərin ətraf mühitinin bərpası ön sıradadır. Həmin ərazilər minalardan təmizləndikcə görülən işlərin miqyası da genişlənir.
Məlumdur ki, Prezident İlham Əliyevin keçən il dekabrın 25-də imzaladığı müvafiq Sərəncamla Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bu il çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının həyata keçirəcəkləri Tədbirlər Planı hazırlanaraq təsdiqləndi. Orada ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, yaşıllıqların artırılması, maarifləndirmə, yeni milli parkların və xüsusi mikrotəsərrüfatların yaradılması və s. ilə bağlı tədbirlər var və artıq onların icrası ilə bağlı işlərə başlanılıb.
Tədbirlər Planında bu il ölkə üzrə 5 milyon ağacın əkilməsi nəzərdə tutulub. Yaz əkin mövsümündə artıq nəzərdə tutulan 5 milyon ağac və kol tinginin 2,5 milyonunun əkilməsinə nail olunub. Bu, əlbəttə ki, yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi layihələr deyil, həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanlarının birgə işidir.
Yeri gəlmişkən, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçiriləcək layihələr sırasında milli parkların yaradılması ilə bağlı yeni layihələri də var. Yeni milli parklardan biri İlisu Dövlət Təbiət Qoruğunun ərazisində və onun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Digər milli parkın isə Qanıx çayı vadisində və Axar-baxar dağ silsiləsinin ərazisində yaradılması planlaşdırılır. İlin sonuna qədər həmin milli parkların yaradılması işlərinin yekunlaşdırılması nəzərdə tutulur.
Ötən ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının - COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar verilib. 2024-cü il noyabrın 11-dən 22-dək həmin tədbirə ev sahibliyi edəcək Bakı ətraf mühit və iqlim dəyişmələri sahəsində dünya üzrə keçirilən bütün müzakirələrin baş platforması və mərkəzi olacaq. Ölkə üzrə həmin tədbirə hazırlıqlar görülür.
Ekspertlər vurğulayırlar ki, COP29 çərçivəsində dünyanın su ehtiyatlarının qorunması və su təhlükəsizliyi ilə bağlı bir sıra təşəbbüslər irəli sürülə bilər: Yeni və daha güclü öhdəlikləri olan su təhlükəsizliyi və iqlim dəyişikliyi mövzusunda güclü və konkret hədəfləri olan sənəd qəbul edilə bilər. Bu da su təhlükəsizliyində qlobal təşəbbüsləri gücləndirə bilər. Həmçinin Azərbaycanın bu təşəbbüsdə aparıcı rolu və danışıqlarda əsas fiqur olması bundan sonrakı dönəmdə də Konvensiyanın tələblərinin yerinə yetirilməsində hesabatlılığı təmin etməkdə böyük üstünlük ola bilər.
Firuzə Əliyeva
Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: Ekologiya və ətraf mühitin mühafizəsi.