Ölkə iqtisadiyyatı Bakıda cəmlənib - RƏQƏMLƏR

Azərbaycan əhalisinin 23 faizinin paytaxtda qeydiyyatda olmasına baxmayaraq, Bakının ölkə iqtisadiyyatında çəkisi 50 faizdən yüksəkdir.
Sfera.az Bakı Araşdırmalar İnstitutunun 2023-cü ilə dair apardığı araşdırmaya istinadən xəbər verir ki, Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 80,8 faizi Bakının hesabına təmin edilib. Bundan başqa topdansatış ticarət dövriyyəsinin 86,3 faizi, pərakəndə ticarətin 60,3 faizi, ictimai iaşə dövriyyəsinin 71,1 faizi Bakının payına düşür.
Maliyyə sektorunda da Bakı əsas ağırlıq mərkəzidir. Ölkə üzrə əhalinin gəlirinin 61,1 faizi, depozit qoyuluşunun 88,8 faizi, kredit qoyuluşunun 76,5 faizi, bankomatların 52,1 faizi, əsas kapitala yönələn vəsaitlərin 50,2 faizi Bakının payına düşür.
İş yerlərinin də çox hissəsi Bakıdadır. Muzdla çalışan şəxslərin 52 faizi Bakıda işləyir. Fəaliyyət göstərən sənaye müəssisələrinin isə 55 faizi Bakıdadır.
Əlavə edək ki, paytaxt Bakının Azərbaycan iqtisadiyyatında payının bu qədər yüksək olmasının əsas səbəbi burada şəhər əhalisinin sayının çox olması, həmçinin paytaxtda yaşayan insanların gəlirinin daha yüksək olması ilə bağlıdır.
Vasif