Azərbaycanda boşanmalar daha çox bu yaş qrupunda olur - RƏSMİ

Azərbaycanda boşanmalar daha çox bu yaş qrupunda olur - RƏSMİ

Azərbaycanda boşanmalar daha çox 30-34 yaş qruplarında qeydə alınıb. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, həm kişilər, həm də qadınlar bu yaşlarda daha çox boşanır. 


2023-cü ilin məlumatına əsasən, ölkəmizdə 21 688 boşanma faktı qeydə alınıb. 


Boşanan kişilərin 5 353, boşanan qadınların isə 5 536 nəfəri bu yaş qrupunda olarkən nikahı pozublar. Bu yaş qrupunda olan kişilərin 1 889 nəfəri 4 ilə qədər, 2 409 nəfəri 5-9 il, 1 055 nəfəri 10-19 il nikahda qalıblar. 


Qeyd edilən yaş qrupunda olan qadınların isə 970 nəfəri 4 ilə qədər, 1 720 nəfəri 5-9 il, 2 846 nəfəri isə 10-19 il nikahı davam etdiriblər. 


Digər yaş qruplarına diqqət yetirdikdə görürük ki, kişilər 35-39 (5 141 boşanma), 40-44 (3 453 boşanma) və 25-29 (2 746 boşanma) yaşlarında da çox boşanırlar.
Qadınlar isə əsasən 25-29 (4 819 boşanma), 35-39 (3 976 boşanma), 20-24 (2 399 boşanma) yaşlarında nikahları pozurlar. 


Qadınların daha yuxarı yaşlarda boşanmaya meyilli olmadıqları da görünür. Boşanmış kişilər arasında əlli yaşdan yuxarı olanların sayı 2 527 nəfər olduğu halda, eyni yaşda olan qadınların sayı 1 483 nəfər olub. 


Boşanmış cütlüklərin nikahda qalma müddətinə görə bölgüsünə diqqət yetirdikdə isə məlum olur ki, evliliyin ilk dörd ilində ailələr daha çox dağılır. Boşananların 27 faizi ilk dörd ildə ayrılıblar. Boşanmış cütlüklərin 26,7 faizi isə evliliyin 5-9-cu illərində nikaha son veriblər. 


Ümumilikdə, boşanmış cütlüklərin 53 faizindən çoxunun nikahı 10 ilə qədər davam edib. 


Vasif


OXŞAR XƏBƏRLƏR