Neftçilərin axtarışına daha 3 helikopter və 1 gəmi cəlb edildi

Neftçilərin axtarışına daha 3 helikopter və 1 gəmi cəlb edildi

 

Dekabrın 15-də Xəzər dənizində "Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hazırda nazirliyin aviasiya dəstəsinin üç helikopteri, "Vixr-5”, "Vixr-8” və "Svetlomor-2” gəmiləri Xəzər dənizində axtarış işlərində iştirak edir. Bununla yanaşı, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.

Qeyd edək ki, dekabrın 15-də səhər saat 05 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata əsasən, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Ötən gün saat 14:00-da Xəzərdə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyiti tapılıb. Bu, İlham Əlihüseyn oğlu Qafarovun meyitidir. "Meyit "Ələt-41”-in ərazisində tapılıb.

 


OXŞAR XƏBƏRLƏR