Beynəlxalq Bankın ofisində əməliyyat: Generalın bacısı oğlu həbs olundu
Cəmiyyət
18:22 / 18.12.2015
991
Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsində əməliyyat keçiriblər.
Sfera.az “qafqazinfo”ya istinadən xəbər verir ki, xüsusi əməliyyat zamanı şöbənin rəhbəri Yaşar Səfərov həbs olunub. O, çirkli pulların yuyulmasında ittiham olunur. Rəsmi məlumatlarda bildirilir ki, ofisdəki axtarışın səbəbi pulların xaricə qanunsuz çıxarılması ilə bağlıdır.
Məlumatlara görə, Səfərovun həbsi Beynəlxalq Bankın sabiq rəisi Cahangir Hacıyevin törətdiyi cinayətlərin tərkib hissəsidir. O, Hacıyevin ən etibarlı kadrı olub, uzun müddət bankın Xaçmaz filialının müdiri olub "özünü doğruldandan" sonra isə Sankt-Peterburqa göndərilib.
Qeyd edək ki, Yaşar Səfərov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.
Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli isə “Qafqazinfo”ya hüquq-mühafizə orqanları əməkdaşlarının filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəldiklərini bildirib. Onun sözlərinə görə bankın Sankt-Peterburq filialı hazırda işləyir və fəaliyyətində heç bir problem yoxdur. Onun sözlərinə görə Yaşar Səfərovun həbsi barədə yayılan məlumatlar əsassızdır.