Özünü asan MTN polkovnikinin vəkili: “Morqa gedirəm”
Xəbər verdiyimiz kimi, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb.“Azadlıq”ın əməkdaşı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlayıb. E.Sultanov məsələ ilə bağlı Ədliyyə Nazirliyinə yaxud Penitensiar Xidmətə müraciət etməyi məsləhət görüb.
Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Yaşar İsaqov əməkdaşımıza bildirib ki, məsələ ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək.
İ. Əliyevin vəkili Rəşad Mirmehdizadə APA-ya açıqlamasında hadisə barədə mətbuatdan xəbər tutduğunu bildirib. Vəkil hazırda hadisənin baş verdiyi BİT-də olduğunu deyib.
İlqar Əliyevin vəkili: Morqa gedirəm
“Mənə deyilən odur ki, deyəsən həqiqətən İlqar Əliyev ölüb”- bunu MTN-nin Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin vəkili Rəşad Mirmehdizadə Meydan TV-yə deyib.
O bildirib ki, hazırda Sabunçu rayonunda yerləşən Məhkəmə Tibbi Ekspertizasına gedir: “Yəqin ki, onun meyitini Sabunçu ərazisinə gətirəcəklər. Hazırda yoldayam, “morqa” gedirəm”.
Bu ilin oktyabrında İlqar Əliyevin barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 308.2(Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1(Vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma ) maddələri ilə təqsirləndirilirdi. O, Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.
Penitensiar Xidmət hadisə ilə bağlı məlumat yayacağını bildirib.
İlqar Əliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.
APA-nın məlumatına görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.






