Gəncənin susqun millət vəkili
Politika.Az-ın "lal deputat” rubrikasını maraqla izləyən oxucularımızdan məktublar gəlməkdədir
Onlar dilsiz-ağızsız, susmuş millət vəkilləri haqda müxtəlif məlumatlar ünvanlayır, şikayətlər göndərirlər. Bunlardan iri də Gəncənin 37 saylı Nizami I seçki dairəsinin seçicilərindən daxil olub. Bu dairənin seçiciləri deputatını axtarır.
Onlar xahiş edirlər ki, millət vəkili haqda informasiya verək. Biz də xəbər portalı olaraq internetdə kiçik ekskursiya edirik və məlum olur ki, Gəncənin xanım deputatı Kərimzadə Pərvin Orxan qızıdır.
P.Kərimzadəni nə Gəncədəki seçiciləri, nə parlament müxbirləri, nə ictimaiyyət tanıyır. Hətta həmkarları arasında xeyli sayda deputat var ki, Pərvin xanımın millət vəkili olmasından bixəbərdir.
Buna səbəb də özüdür. Xanım deputatın parlamentdə fəallığını görən olmayıb. Onun indiyə qədər hər hansı çıxışı xatırlanmır ki, pasportu kimi təqdim olunsun.
Bundan əlavə, ölkədə iqtisadi gərginlik var. Deputatlar bahalaşmadan danışırlar, fikirlərini, təkliflərini irəli sürürlər.
Gəncə kimi ölkənin ikinci şəhərinin deputatı isə susmaqdadır. İnternetdə seçki ərəfəsində vətəndaşlarla görüşü barədə xəbərdən başqa informasiya tapmaq olmur.
Politika.Az-ın məlumatına görə, P.Kərimzadə Gəncədə sosial vəziyyətdən danışmalı, bahalaşmaya münasibət bildirməli, Qarabağ probleminin həll ilə bağlı gedən proseslərə mövqeyini açıqlamalı idi. Ancaq Gəncə sakinləri deputatın varlığını hiss etmir.
Parlamentdə Mehriban Əliyeva, Qənirə Paşayeva, Bahar Muradova, Məlahət İbrahimqızı, Elmira Axundova kifayət qədər fəal millət vəkilləridir. Onların Milli Məclisin iclaslarında çıxışları, təklifləri, müxtəlif hadisələrə münasibətini görmək olar.
Həmçinin, mediaya açıq və tez-tez müsahibələr verən xanım millət vəkilləridir. Amma P.Kazımzadənin nə səsini eşidən olub, nə mətbuatda çıxışını görən olub.






