Bir neçə il sonra daha kütləvi kadr çatışmazlığı yaranacaq - Ekspertdən AÇIQLAMA

"Çox təəssüf ki, son illərdə ölkəmizdə həkimlərin sayında azlıq müşahidə olunur".
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib.
O bildirib ki, abituriyentlər bəzi hallarda birbaşa xarici universitetlərə qəbul alır:
"Tələbələr ya universitetin yuxarı kursundan, ya da bitirdikdən sonra xarici ölkələrə (Almaniya, Türkiyə, Polşa, Ukrayna və s.) üz tuturlar. İxtisaslı həkimlərə gəlincə isə onlar da müəyyən səbəblərdən dolayı xaricə çıxışa üstünlük verirlər. Təkcə ötən il Almaniyada 1500 nəfərə yaxın azərbaycanlı həkimin çalışdığı bildirilmişdi. Hazırda ölkəmizdə tibb işçiləri ilə bağlı çatışmazlıq var və nəzərə alsaq ki, yaşlı nəslin nümayəndələri daha çoxdur sistemdə bu bir neçə il sonra hansı vəziyyətlə üzləşəcəyimizi düşündürməlidir".
E.Əfəndiyev problemin həlli yolu kimi bəzi təkliflər verib.
Ekspert Azərbaycan Tibb Universiteti ilə yanaşı alternativ tibbyönlü ali təhsil müəssisəsi təsis edilməsinin vacibliyini vurğulayıb:
"Belə olduqda rəqabət mühiti formalaşar və ölkədə təhsil almaqda maraqlı olarlar. Mövcud tibb istiqaməti üzrə kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində müasir infrastruktur yaradılmalı, laboratoriya şəraiti yaxşılaşdırılmalı, təcrübə keçmək imkanları açılmalıdır".
O qeyd edib ki, tibb istiqaməti üzrə kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində plan yerlərində artım olmalıdır:
"Nəzərə alaq ki, işğaldan azad olunan ərazilərdə dövlət başçısının müvafiq sərəncamı və tapşırıqları əsasında xəstəxanalar, klinikalar, sağlamlıq mərkəzləri və s. tikilir və bir neçə il sonra daha kütləvi kadr çatışmazlığı yaranacaq".
E.Əfəndiyevin fikrincə, həkimlərin əmək haqlarına baxılmalı, gənc həkimlərə xüsusi imtiyazlar tanınmalıdır.
Firuzə Əliyeva