Bakıda taksilərin sayı BU QƏDƏRDİR - RƏSMİ

Yerüstü Nəqliyyat Agentliyinin məlumatına əsasən Bakıda 60 min avtomobil taksi xidməti göstərir. Qurum rəsmilərinin fikrincə əhali sayı təxminən 3 milyon nəfər olan bir şəhər üçün bu qədər taksinin olması çoxdur.
Sfera.az xəbər verir ki, Bakıda taksilərin sayı ilə bağlı son vaxtlar çox diskusiyalar aparılır.
Nəqliyyat sektorunda dövlət tənzimlənməsini həyata keçirən qurumun rəsmiləri taksi xidməti göstərən avtomobillərin sayının çox olmasında israr etsə də əksər müstəqil ekspertlər taksi sayının çox olmadığını, bazarda mövcud olan rəqabət şəraitinin taksilərin sayını tənzimlədiyini bildirirlər. Bəs dünyanın digər tanınmış şəhərlərində vəziyyət necədir? Həmin şəhərlərdə taksi sayı nə qədərdir?
Şəhərlərdə taksilərin sayının çox və ya az olması əhali sayına və şəhərin ərazisinə görə müəyyən edilir. Hər 1000 nəfərə düşən taksi sayı Mexikoda 3,7 ədəd, Parisdə 2,7 ədəd, Londonda 2,4 ədəd, Honkonqda 2,4 ədəd, Berlində 2,1 ədəd, Nyu-Yorkda 1,6 ədəd, İstanbulda 1,2 ədəd təşkil edir. Başqa cür ifadə etsək, bir taksi Mexikoda 270 nəfərə, Parisdə 370 nəfərə, London və Honkonqun hər birində 417 nəfərə, Berlində 476 nəfərə, Nyu-Yorkda 625 nəfərə, İstanbulda 833 nəfərə xidmət göstərir. Bakıda hər 1000 nəfərə düşən taksi sayı daha çoxdur. Əgər paytaxt əhalisinin sayını rəsmi statistikada olduğu kimi 2,8 milyon nəfər götürsək onda 1000 nəfərə 21 ədəd taksi, qeyri-rəsmi məlumatlarda iddia edildiyi kimi 4 milyon nəfər olduğunu nəzərə aldıqda isə 15 ədəd taksi düşür. Bakıda ən aşağı göstərici ilə hesablasaq bir taksi 67 nəfərə xidmət göstərir.
Ümumilikdə, dünyada şəhərlər üzrə orta hesabla hər 1000 nəfərə 3 taksi düşür. Bir taksi maşını təxminən 333 nəfərə xidmət edir. Taksi sayı ilə bağlı digər mühüm göstərici bir kvadrat kilometrə düşən taksi sayıdır. Bir kvadrat kilometrə Mexikoda 54, Nyu-Yorkda 17, Honkonqda 16, Londonda 14, Parisdə 10, Berlində 9, İstanbulda 7 taksi düşür.
Bakı şəhərində isə bir kvadrat kilometrə 28 taksi düşür.
Vasif