“Manatın kursunu sabit saxlamaq artıq mümkün deyildi. Əgər Mərkəzi Bank bu addımı atmasaydı valyuta ehtiyatları bu gedişlə - indiki xərcləmə tempi ilə 6 aya tamamilə tükənə bilərdi”- deyə GPW risk konsaltinq şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə analitiki Livia Riggi manatın çökməsini “Financial Times”ə şərh edərkən bildirib.Analitik qeyd edib ki, Mərkəzi Bank təkcə noyabr ayında manatı sabit saxlamaq üçün 589 milyon dollar xərcləyib, dekabr ayında isə bu xərclənmə tempi daha da artıb.
Qəzet yazır ki, manatın kəskin ucuzlaşması 2016-cı il büdcəsində neftin qiymətini 50 dollardan götürən Bakını “kitabını yenidən yazmağa” məcbur edəcək. Həmçinin manatın ucuzlaşması ölkənin neft sektorunda SOCAR və BP kimi şirkətlərin xərclərini azaltmaqla onlara xeyir verəcək. Çünki bu şirkətlər nefti dollara satır, ancaq xərclərinin əsas hissəsini manatla ödəyir.

“Lakin bundan pensiyalarını, maaşlarını, əmanətlərini manatla alan sadə azərbaycanlılar zərər çəkəcək”- “Nomura” konsaltinq şirkətinin analitiki Tim Eş eyib.
Onun fikrincə, Azərbaycan hakimiyyəti indiyə qədər devalvasiyanı ona görə ləngidirdi ki, sosial stabilliyin pozulacağından ehtiyat edirdi.
Qəzet manatın çökməsinin bank sektoruna da ciddi zərər vuracağını yazıb. Çünki bundan əvvəlki devalvasiyada şirkətlər və fizik şəxslər öz depozitlərini dollara çevirdilər. Nəticədə kreditləri manatla verən bankların aktivlərində uyğunsuzluq yarandı.
“Fitch” reytinq agentliyinin hesabatına əsasən noyabr ayına olan məlumata görə, banklardakı depozitlərin 70 faizi xarici valyuta ilə nominasiya olunub. Hərçənd ki, Mərkəzi Bank əmanətçilər və bankları qorumaq üçün tədbirlər görüləcəyini vəd edir.