Türkiyədə mənzil alan azərbaycanlıların sayı AZALIB - SƏBƏB BƏLLİ OLDU

Türkiyədə əcnəbilər tərəfindən alınan evlərin sayında azalma 2024-cü ildə də davam edir. Bu dinamika Azərbaycan vətəndaşlarının da qardaş ölkədə ev alışında müşahidə olunur.
Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, 2024-cü ilin fevralında Türkiyədə xarici ölkə vətəndaşları tərəfindən 1 846 ədəd mənzil alınıb. Əcnəbilərə satılan mənzillərin sayı 2022-ci ilin fevralında 4 591 ədəd, 2023-cü ilin fevralında 3 350 ədəd idi.
Türkiyədən mənzil alan əcnəbilər arasında Azərbaycan vətəndaşları da var. Vətəndaşlarımız bu ilin fevralında 60 mənzil alıb. Müqayisə üçün bildirək ki, həmvətənlərimiz 2023-cü ilin fevralında 73 mənzil, 2022-ci ilin fevralında 93 mənzil almışdı.
Türkiyədə əcnəbilərin mənzil alışını azaltmasının bir neçə səbəbi var.
Birinci səbəb mənzil qiymətlərinin dollarla ifadədə çox yüksəlməsidir. Hazırda Türkiyənin böyük şəhərlərində mənzil qiymətləri əvvəlki illərlə müqayisədə çox yüksəkdir. Buna görə də ölkədə mənzil satışında ümumi azalma var.
Bu amillə yanaşı Türkiyədə yeni güclü zəlzələnin olma ehtimalı da əcnəbiləri qorxudur. Xüsusən də İstanbul və onun ətrafında zəlzələ ehtimalını nəzərə alan əcnəbilər zərurət olmadıqca mənzil almırlar.
Mənzil satışının azalmasına təsir edən digər bir səbəb isə əcnəbilərin Türkiyə vətəndaşlığını ala bilməsi üçün tələblərin ağırlaşdırılmasıdır. Türkiyədə bir əcnəbi vətəndaşlıq ala bilmək üçün ən azı 400 min dollar dəyərində daşınmaz əmlak almalı və ya bu qədər sərmayə qoymalıdır. Daimi yaşamaq üçün isə əvvəllər tələb olunan minimum 75 min dollarlıq sərmayə məbləği 200 min dollara çıxarılıb. Türkiyəli eksperlər hesab edir ki, sadalanan amillər əcnəbilərin mənzil alışını azaldıb.
Vasif