“Arıqlamaq niyyəti ilə oruc tutanlar...” – Deputatdan AÇIQLAMA

“Arıqlamaq niyyəti ilə oruc tutanlar...” – Deputatdan AÇIQLAMA

“Oruc təmiz niyyətlə və sırf Allaha ibadət məqsədilə tutulmalıdır. Yalnız arıqlamaq və insanlara oruc tutduğunu göstərmək niyyətilə oruc tutmaq məqbul sayılmır”.

 

Sfera.az bildirir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. O qeyd edib ki, müsəlmanlar səbirli, dözümlü və əzmkar olmalıdır:

 

“Oruc insana sevgi, mərhəmət və qayğı hissləri aşılayır və insanın özünü yemək yeməkdən məhrum etməsi məqsədilə deyil, imkansızlara kömək göstərmək, onların yaşadıqları hissləri duymaq məqsədilə vacib buyurulub. İmkanlı şəxs müvəqqəti də olsa, imkansız insanların yaşadığı anları yaşayır, aclığın dadını dadır və bu, insanlarda şəfqət və mərhəmət hisslərinin oyanmasına kömək edir”.

 

Millət vəkili bildirib ki, orucun insan sağlamlığına bir sıra müsbət təsirləri var:

 

“Mütəxəssislər il boyu dincəlmədən çalışan mədəyə istirahətin verilməsinin orqanizm üçün faydalı olduğunu, orucun ürək, damar, şəkər xəstəliklərinə müsbət təsir göstərdiyini bildirirlər. Gücü və imkanı olan hər bir müsəlman Ramazan orucunu tutmalı, saflaşmalı, mənən zənginləşməli və bu ibadətin ona verdiyi fəzilətlərdən səmərəli bəhrələnməyə səy göstərməlidir”.

 

Qeyd edək ki, bu gündən müsəlman aləminin müqəddəs ayı sayılan Ramazan daxil olub. Ramazan bayramının 10-11 aprel tarixlərinə təsadüf edəcəyi gözlənilir.

 

Günay


OXŞAR XƏBƏRLƏR