“Mütləq cəzalandırma olmalıdır!” – Deputatdan zorakılıq edən şagirdlərlə bağlı AÇIQLAMA

“Bu videoların kütləvi formada yayılması, prosesə heç bir müsbət təsir göstərmir”.
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov 156 saylı məktəb şagirdlərinin yayılan görüntüləri ilə bağlı danışarkən deyib. Müsahibimiz qeyd edib ki, belə videoların yayılmasından çəkinməliyik və bu, yalnız ümumi işə mənfi təsir göstərəcək:
“Hesab edirəm ki, məsələ çox ciddi şəkildə araşdırılmalıdır. Bu edilmədən, məsələ diqqətlə öyrənilmədən öncədən mühakimə yürütməli deyilik. Hadisənin baş vermə yeri, burada məktəbin, gənclərin rolu və digər məsələlər araşdırılmalıdır. Proses başa çatdıqdan sonra ictimaiyyətə də məlumat verilməlidir. Artıq müəyyən məlumatlar bəllidir. Əminəm ki, növbəti dövrdə də əlavə məlumatlar veriləcək. Bütün hallarda hadisə araşdırıldıqdan sonra məsuliyyət daşıyan gənclərlə bağlı ciddi addım atılmalı, tədbirlər görülməlidir. Əlbəttə, mütləq cəzalandırma olmalıdır”.
Millət vəkili qeyd edib ki, cəzalandırma tədbirləri olmadıqca, müvafiq addımlar atılmadıqca bu kimi hallar təkrarlanır:
“Həmçinin, bu məsələlərlə bağlı həm ailələrdə, həm məktəblərdə təlim-tədris işini daha da gücləndirməliyik. Gənclərin belə səhvlərə yol verməməsi üçün addımlar atmalıyıq. Düşünürəm ki, bunun məsuliyyətini həm də hər birimiz daşıyırıq”.
Qeyd edək ki, Bakıda 156 saylı məktəbin XI sinif şagirdi yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Hazırda məsələ ilə bağlı araşdırılma aparılır.
Günay