Təhlükəsizlik kameraları niyə quraşdırılmalıdır? - \"Hər bir şəxs bilməlidir ki...\"

"Ölkə üzrə yaşayış evlərindən oğurluq halları ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində üstü açılan cinayətlər 70-80 faiz təşkil edir".
Sfera.az xəbər verir ki, bu barədə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, bu kateqoriyadan olan cinayətlərin açılmasının mürəkkəb proses olması nəzərə alınaraq, yaşayış məntəqələrində kameralaşma işinə xüsusi diqqət yetirilir:
“Oğurluq hallarına qarşı mübarizədə əsas metodlar sırasında olan təhlükəsizlik kameralarının arxiv görüntüləri cinayətlərin açılmasında, sübutların toplanmasında, şübhəli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmasında mühüm amildir. Bunu nəzərə alaraq hər bir şəxs bilməlidir ki, kameraların olması həm də hansısa əmlakın talanma cəhdində çəkindirici vasitədir. Çünki oğrular hədəf seçərkən əvvəlcə müşahidə kameralarının mövcudluğunu öyrənirlər”.
Elşad Hacıyev diqqətə çatdırıb ki, təhlükəsizlik kameraları təkcə mülkiyyət cinayətlərinin deyil, ətrafda müşahidə olunan neqativ halların da vaxtında aradan qaldırılmasına faydalı vasitədir.
“Vətəndaşlar kameraların qurulması işinə diqqətlə yanaşmalı, əmlakın mühafizəsində kameranın profilaktik əhəmiyyətini nəzər almalıdırlar”.
Ülkər Abdurahmanlı