"Bu durum taksi qiymətlərini artıracaq, dövlət sahibkarlara..." - MÜHÜM AÇIQLAMA

2022-ci ilin rəsmi statistikasına əsasən, havaya 930 min ton çirkləndirici maddə atılıb, onların 772 min tonu, yəni 83 faizi avtomobillərin payına düşüb. Buna səbəb olaraq ölkəmizdə avtomobil parkının köhnə olmasını göstərə bilərik. 

 

Avropada icarəyə verilən və taksi xidməti üçün istifadə olunan avtomobillərin əksəriyyətinin yaşı 10 ilə qədərdir. Bakı şəhərində fəaliyyət göstərən taksi avtomobilərinin isə 62 faizinin yaşı 15 ildən, 83 faizinin yaşı isə 10 ildən çoxdur.  Bu, sərnişinlərin təhlükəsizliyinə, xidmətin keyfiyyətinə və ətraf mühitə birbaşa təsir göstərir.Eyni zamanda, Bakı Araşdırmalar İnstitutunun tədqiqatına əsasən, Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur. Buradan belə qənaətə gələ bilərik ki, ölkəmizdə, xüsusən də paytaxtda taksilərdən olduqca çox istifadə olunur. Belə ki, şəxsi minik avtomobili gün ərzində 50 km sürülürsə, taksilərdə bu göstərici 6 dəfə daha çox, yəni 300 kilometrə çatır.

 

Ətraf mühitin qorunması üçün bu sahədə hansı tədbirlər görülə bilər? Taksilərin keyfiyyətli olması üçün tələblər sərtləşdirilə bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, təkcə taksi yox, digər sahələrdə xidmət göstərən nəqliyyat vasitələrinin də yaşı 10-dan yuxarıdır:

 

“Avtomobillərin yaşından çox onların texniki parametrlərinin uyğunluğu vacibdir. Burada mahiyyət avtomobilin yeniliyində olmamalıdır. Əsas məsələ ətrafa atılan çirkli maddələrin azaldılmasının təmin olunmasıdır”.

 

Mütəxəssis qeyd edib ki, sahibkarlara dövlət dəstəyi verilməlidir:

 

“Onsuz da ölkəyə gətirilən avtomobillər kifayət qədər baha başa gəlir. Buna görə də sahibkarlar bu məsələdə maraqlı deyillər. Belə davam edərsə, gələcəkdə taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin sayı azalacaq. Beləliklə, taksi qiymətləri arta bilər. Buna görə də bu sahədə sahibkarlara dövlət dəstəyi yaradılması nəzərdən keçirilməlidir”.

 

Firuzə Əliyeva 


OXŞAR XƏBƏRLƏR