İdmançılar tərəfindən döyülən Həsən Əzizov barışıq ərizəsi YAZDI - Cinayət işinə xitam verilə bilərmi? + AÇIQLAMA

İdmançılar tərəfindən döyülən Həsən Əzizov barışıq ərizəsi YAZDI - Cinayət işinə xitam verilə bilərmi? + AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb.

 

Təqsirləndirilən şəxslər Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər. Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə olunub. Bundan əvvəl isə qərarla, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham edilmişdilər.

 

Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilmişdi.

 

Maraqlıdır, barışıq ərizəsi sözügedən ittihamların, qərarların aqibətinə təsir edirmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, Cinayət Məcəlləsinin 59.1.12-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.

 

“Cinayət Məcəlləsinin 221.1.2-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Cinayət Prosessual Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Qeyd olunan şəxslərlə bağlı cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirildiyi üçün tərəflərin barışması cinayət təqibinin dayandırılması üçün əsas deyil”.

 

Müsahibimiz bildirib ki, hazırkı cinayət işi üzrə zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar cinayət işinə xitam verilə bilməz:

 

“Lakin onların barışması və dəymiş ziyanın ödənilməsi cəzanı yüngülləşdirə, barələrində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz olunmasına, gələcəkdə təqsirləndirilən şəxslərə azadlıqdan məhrumedilmə növündə olmayan digər cəzanın tətbiqinə səbəb ola bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR