Kosmetoloji prosedurlar üzdə çürümə yaradır: "Süni gellər və dolğular..."
Günümüzdə kosmetoloji prosedurlar sayəsində qadınlarla yanaşı, kişilər də əməliyyat olunmadan gənc qala və görünüşlərində dəyişiklik edə bilərlər. Amma yanlış edilən prosedurlar nəinki gəncləşməyə, hətta olduğu yaşdan daha qoca görünməyə və ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər.
Bəs kosmotoloji prosedurların nə kimi ziyanları var?
Mövzu ilə bağlı Sfera.az-a danışan həkim-kosmetoloq Şəbnəm Pirzadayeva bildirib ki, prosedur öncəsi istifadə olunan məhsulun təbii olmasına üstünlük verilməlidir.
“Belə ki, çox vaxt insanlar məhsulun keyfiyyətinə deyil, qiymətinə önəm verirlər. Ucuz və sərfəli olduqlarını düşündükləri üçün keyfiyyətsiz məhsullardan istifadə edirlər. Süni prosedurlar daha ziyanlıdır. Süni gellər və dolğular nekroz yarada bilir. Nekroz çürümə adlanır və dolğular düzgün yerə vurulmadığı üçün orada çürümə baş verir”.
Həkimin sözlərinə görə, uğursuz prosedurlardan sonra insanlarda qorxu hissi yaranır:
“Bioloji və təbii prosedurlar isə orqanizmə ziyan vermir. Bioloji prosedurlara ozonterapiyani, mezoterapiyanı və plazmaterapiyanı misal göstərmək olar. Kənardan rahat görünən bu sahə olduqca risklidir. Kosmetoloqa gedərkən azı 5 il bu sahədə təcrübəsi olanlara üstünlük verilməlidir”.
Ülkər Abdurahmanlı