“Bu uşaqlar gələcəkdə tüfeyli olurlar” - Psixoloq

Valideynlərin çoxu övladlarını necə tərbiyə etməli olduqlarını bilmirlər. Onların övladlarına yanaşma tərzi yanlışdır. Məhz bu baxımdan, uşaqların böyüdülməsində yol verilən səhvlər az deyil.
Bəs uşaqların böyüdülməsində yol verilən səhvlər hansılardır?
Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ülviyyə Kərim bildirib ki, məktəb yaşı dövründə olan uşaqların problemləri daha çoxdur.
“Uşaqlara hansısa hərəkəti daima pisləmək yaxşı xüsusiyyət deyil. Çünki, uşaq həmin pislənən hərəkəti etdikdə, valideyninə deməkdən qorxur və gizlədir. Valideynlər övladlarına güclü tərəflərini deyil, üzləşdikləri çətinliklərdən də bəhs etməlidirlər. Belə olduqda uşaqlar da yaşadıqları çətinlikləri valideynlərinə rahatlıqla bəhs edə biləcəklər”.
Ülviyyə Kərimin sözlərinə görə, valideynlərin əksəriyyəti övladları ağlayarkən “Sus”, “Bəsdir” kimi ifadələr işlədirlər:
"Lakin valideyn övladından ağlamağının səbəbini soruşmalı və birgə həll yolu axtarmağa çalışmalıdır. Əks halda, uşaqlarda üst-üstə yığılan mənfi emosiyalar, zamanla qəzəb böhranlarına və psixi pozğunluqlara səbəb ola bilər. Uşaqlar öz emosiyalarını idarə edə bilmir. Buna görə, ata və ananın köməyinə ehtiyac var. Əgər uşaqlar cəmiyyət içərisində ağlayırsa, onun üzərinə qışqırmaq yerinə sakitləşdirmək lazımdır”.
Psixoloq diqqətə çatdırıb ki, valideynlər övladlarına nəzakətli şəkildə yox deməyi öyrətməlidir.
“Bu, həmin uşaqların öz maraqlarını qorumasına səbəb olacaq. Uşaqları təhdid etmək düzgün deyil. “Yeməyini yeməsən döyərəm”, “Dərsə getməsən telefon vermərəm” kimi ifadələr onların psixologiyasına mənfi təsir göstərir. Bu tərzdə böyüyən uşaqlar gələcəkdə hər şeyi müəyyən şərt qarşılığında etməyə meyilli olurlar. Uşaqların həyatlarını daim planlı yaşaması, gələcəkdə onların tüfeyli həyat yaşamasına səbəb ola bilər. Çünki onlar uşaq olan zaman istədiklərini edə bilmirlər. Məhz bu baxımdan istəklərini yetkin yaşa çatdıqdan sonra həyata keçirə bilirlər”.
Ülkər Abdurahmanlı