\"Varlığındansa, yoxluğu faydalıdır\" - Toksik münasibət nədir?

\

Bəzi qadın-kişi münasibətləri var ki, tərəflərə zərər verir. Bu cür əlaqələr zəhərli və yaxud toksik münasibət adlanır. Son vaxtlar bu hallarla tez-tez rastlaşırıq.

 

Zərərli əlaqələrdə insan özünü sorğulayır və günahlandırır. Bu hallarda ayrılmaq çox çətin olur.

 

Bəs toksik münasibətdə olan insanlar nə etməlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ülviyyə Kərim bildirib ki, toksik münasibətlər insanların sosial və iş həyatına da mənfi təsir göstərir.

 

"Toksik sevgili insanı daim zəhərləyir. Bu zəhərlənmə bəzən emosional, bəzən də fiziki olaraq baş verir. Bu hallar insanlarda özünəinamsızlıq yaradır və depressiyaya səbəb olur".

 

Psixoloq qeyd edib ki, toksik münasibəti bir neçə detalla müəyyənləşdirmək olur:

 

"Cütlüklər bir-birilərini alçaldır, səbəbsiz yerə tənqid edir, hətta təhqirə varırlar. Tərəflərdən biri qısqanclıq və etibarsızlıq kimi məsələlərə görə daima təcrid olunur. Toksik insan ancaq öz maraqlarını düşünür və partnyorunun düşüncələrini önəmsəmir. Mənfi əhval-ruhiyyəsi ilə həmişə tənqidi mövqedə olurlar. O, partnyorunu yalnız öz istədiklərini etməyə məcbur edir. İstəkləri yerinə yetmədikdə onu tərk etməklə hədələyir. Toksik insana görə münasibət belə olmalıdır".

 

Ülviyyə Kərimin sözlərinə görə, toksik münasibəti davam etdirməmək məsləhətdir:

 

"İnsanların bir çoxu mövcud sevgilini itirməmək və tək qalmamaq üçün münasibəti bitirmirlər. Daim qarşı tərəfi alçaldan, tənqid və təhqir edən insanın varlığındansa, yoxluğu daha faydalıdır".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR